“Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanan atəşkəs nəticəsində erməni qüvvələri Ağdam, Kəlbəcər və Laçından geri çəkildi və Azərbaycan təxminən 29 il əvvəl işğal olunmuş ərazilərini azad etdi”.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyində dərc olunmuş məqalədə bildirilib.
Məqalədə qeyd edilib ki, sentyabrın 27-də başlayan hərbi əməliyyatla Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa rayonlarını, Hadrut qəsəbəsini işğaldan azad edən Azərbaycan illərdir davam edən işğalı Ermənistanı qəbul etməyə məcbur etdiyi atəşkəslə sona çatdırıb:
“Azərbaycanı elə bir dövr gözləyir ki, demək olar, yerlə-yeksan edilmiş və xarabalığa çevrilmiş şəhərlərin hamısı yenidən tikiləcək, bölgə təhlükəsiz olması üçün minalardan təmizlənəcək və illərdir ata-baba yurdlarından ayrı qalan məcburi köçkünlər geri dönəcəklər.
İşğaldan azad edilən bütün bölgələr dövlət tərəfindən yenidən qurulacaq, şəhərlər, kəndlər və qəsəbələr yenidən inşa olunacaq. Bölgədə həyat təxminən 1 milyon məcburi köçkünün qayıtması ilə canlanacaq.
Xankəndi, Xocalı, Ağdərə və Xocavənd kimi şəhərlərdə yaşayan 65 min erməni əhalisinin təhlükəsizliyi hələlik bölgəyə müvəqqəti olaraq yerləşdirilmiş rus sülhməramlıları tərəfindən təmin olunacaq. Erməni əhalisinin Ermənistanla əlaqəsi rus əsgərlərinin də nəzarətində olan Laçın dəhlizi ilə davam edəcək”.
Məqalədə hazırda bölgədə sülh və əmin-amanlığın hökm sürdüyü bildirilib:
“Azərbaycan rəsmiləri erməni xalqı ilə problem yaşamadıqlarını və bölgədə sülh və əmin-amanlığın hökm sürməli olduğunu bildirirlər. Aidiyyəti qurumlar işğaldan əvvəl Azərbaycan vətəndaşı olan Dağlıq Qarabağdakı erməni əhalisini eyni şəkildə və digər Azərbaycan vətəndaşları ilə bərabər hüquqlarla yaşamağa çağırır.
Prezident İlham Əliyev xalqa müraciətinə “Əminəm ki, Dağlıq Qarabağda yaşayan ermənilər bir gün onların yeganə yolunun Azərbaycan xalqı ilə qonşuluq münasibətində yaşamaq olduğunu başa düşəcəklər”, ifadəsinə yer verib.
Xarici İşlər naziri Ceyhun Bayramov da Dağlıq Qarabağ münaqişəsinin həllində yenidən qurulma, reabilitasiya və birgə dinc yaşayışın bərpası mərhələsinə qədəm qoyduğunu bildirib”.