COVID-19-la mübarizə başlayandan Milli Məclis öz səlahiyyətləri çərçivəsində fəal iştirak edib. Həm qanunların qəbulu, həm dinləmələrin təşkili, həm də təbliğat baxımından deputatlar və parlament rəhbərliyi çox fəal olub. Milli Məclisdə tibb sahəsində bir sıra görkəmli şəxslər var ki, cəmiyyət tərəfindən qəbul edilir.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisdə çıxışı zamanı deputat Əli Məsimli deyib.
Bununla yanaşı millət vəkili bildirib ki, COVID-19-la bağlı testlərlə əlaqədar probemlər var:
“Bəzi istisnaları çıxsaq, ölkədə testlər 100-120 manatdır. Bu, olduqca yüksək qiymətdir. Həmçinin yerlərdə vəziyyət, pulsuz testlər, xəstəxanalarla əlaqədar suallar mövcuddur. Təklif edirəm ki, parlamentdə görkəmli tibb xadimlərinin iştirakı ilə dinləmə keçirilsin. Bu, cəmiyyətdə olan pessimizmin aradan qaldırılmasına kömək olardı”.
Əli Məsimli əlavə edib ki, təcrübəyə əsasən virusla mübarizədə təşkilati işlər zəif olanda bunun fəsadları ağır olur: “Biz bu sahədə monopoliyaya çevrilən halların qarşısını almalıyıq. 100-130 manata koronavirus testi olduqca baha qiymətdir. MDB-də ən yüksək qiymət sayıla bilər. Ekspress testlər Belarusda 20-23 manatdır. Testlərin qiyməti aşağı salınmalıdır”.
Parlamentin sədri Sahibə Qafarova isə bildirib ki, indiyə qədər Milli Məclisdə iki dəfə dinləmə keçirilib: “Hörmətli Əhliman Əmiraslanovun sədrliyi ilə belə dinləmələr olub. Əgər ehtiyac varsa, bunu edə bilərik”.