12 Yanvar 2021 18:55
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva görüşü Azərbaycanın növbəti uğuru və cənab Prezident İlham Əliyevin diplomatik qələbəsidir. 44 günlük müharibədən sonra dövlətlər arasında iqtisadi və regional əməkdaşlığa əsaslanan növbəti bəyanat imzalandı. İkinci bəyanatın qəbul olunması regionun gələcəyi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu addımlar perspektivə istiqamətlənmiş məsələlərin həyata keçirilməsi üçün əsasdır. Üçtərəfli bəyanat regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına xidmət edəcək.

Bunu Teleqraf.com-a Milli Məclisin Əmək və sosial siyasət komitəsi üzvü İlham Məmmədov deyib.

Deputat üçtərəfli bəyanatda görüləcək işlərlə bağlı prioritetlərin müəyyən edilməsini nəzərdə tutan yol xəritəsinin mahiyyətindən bəhs edib:

"Moskva sənədi 10 noyabr üçtərəfli bəyanatını bir daha təsdiqləyir. Kommunikasiyaların bərpası, əks olunmuş müddəalar, mexanizmlərin formalaşdırılması vəzifələri müəyyənləşib. Sənəddə əksini tapmış ən mühüm məsələ 2021-ci il martın 1-dək Azərbaycanın və Ermənistanın ərazisindən həyata keçirilən daşımaların təşkilidir. Bu vəzifələrin yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri addımlar atılır. Yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutulur. Bu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən dəhlizin yaradılmasıdır. Naxçıvanın blokadadan çıxarılması, Azərbaycan və region ölkələri üçün mühüm əhəmiyyət kəsb edir. Nəqliyyat-kommunikasiya imkanları reallığa çevrilir. Yeni nəqliyyat platformasının yaradılması istiqamətində əhəmiyyətli addımlar atılır. Ermənistan ərazisindən keçməklə Naxçıvana gedən dəhliz özündə iki komponenti birləşdirir. Horadiz-Ağbənd istiqamətində iki ilə yeni dəmir yolunun çəkilməsi nəzərdə tutulur. Eyni zamanda dəmir yolu ilə yüklər Horadizə çatdırılacaq. Horadizdə yük terminalının yaradılması da planlaşdırılır. Bundan sonra isə yüklərin avtomobillərlə Naxçıvana, Türkiyəyə çatdırılması nəzərdə tutulur”.

İlham Məmmədov Moskva görüşündə cənab Prezident İlham Əliyevin məğrur duruşu, alicənablığı, yüksək səviyyəli çıxışlarına da diqqət çəkib:

“Prezident İlham Əliyev qalib dövlət rəhbəri statusundan, kəskin şəxsi üstünlüyündən istifadə edərək Paşinyanı aşağılamadı, onu çıxılmaz duruma salmadı. Prezident İlham Əliyevin çıxışı, davranışı göstərdi ki, Azərbaycan uzunmüddətli sülhün, əməkdaşlığın, iqtisadi inkişafa aparan layihələrin gerçəkləşməsinin tərəfdarıdır. O, öz fəaliyyətini məhz bu istiqamətdə qurur”.

Millət vəkili Moskva görüşünün Ermənistanın Baş naziri Nikol Paşinyanın həddən artıq gərgin, çaşqın, məyus durumu ilə yadda qaldığını vurğulayıb:

“Rusiya mediası Ermənistan baş nazirinin durumunu, jestlərini, qeyri-adekvat davranışını geniş müzakirə edir. Paşinyanın dövlət başçılarının mətbuat üçün bəyanatları zamanı çıxışında qaldırdığı məsələlər müzakirə mövzusu olmayıb. Rusiya Prezidenti heç bir çıxışında status və digər bu kimi məsələlərə ümumiyyətlə toxunmadı. Həmin məsələlər birgə bəyanatda əksini tapmayıb. Paşinyanın ofisinin yaydığı press-reliz daxili auditoriyaya, Ermənistan əhalisinə hesablanmış adi fikirlərdən başqa bir şey deyil”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər