“İşğaldan azad olunan rayonlarımızın bərpası sistemli şəkildə aparılacaq. Belə ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən, birinci mərhələdə dəymiş ziyanın qiymətləndirilməsi, daha sonra infrastruktur layihələrinin icrası həyata keçiriləcək. Bundan sonra sosial obyektlərin inşası, yaşayış üçün şəraitin yaradılması və evlərin tikilməsi reallaşacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, işğaldan azad oluna ərazilərin bərpası zamanı müasir standartlar tətbiq olunacaq:
“Daha sonra həmin rayonların inkişaf modeli digər ərazilərimizə transfer olunacaq. Ölkə Prezidentinin tapşırığı ilə işğaldan azad olunan ərazilərədə yaradılan xüsusi idarəetmə strukturu səmərli və operativ idarəetmənin həyata keçirilməsinə və neqativ halların qarşısının alınmasına xidmət edəcək.
Artıq bir sıra iri infrastruktur layihələrinin, o cümlədən Füzuli Beynəlxalq Hava Limanı və Şuşa şəhərinə avtomobil yolunun çəkilməsinə başlanılıb və elektrik təminatı ilə bağlı işlər görülür. Deməli, gülüş və həyatın işğaldan azad olunan ərazilərimizə qayıdacağı gün uzaqda deyil”.