4 Fevral 2021 11:00
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab Prezidentin Dövlət televiziyasına son müsahibəsində verdiyi mesajlar çox önəmlidir. Dövlət başçısı bəşəriyyət üçün təhlükəli olan pandemiya və onun qarşını almaq üçün atılan addımlardan bəhs edib. Azərbaycan da pandemiyanın yayıldığı ölkələrdən olduğu üçün insanların sağlamlığı və təhlükəsizliyi üçün məhdudlaşdırıcı tədbirlər görülüb. Paralel olaraq ölkədə virusa qarşı əks tədbirlər çərçivəsində tibbi maska və digər qoruyucu vasitələrin istehsalı qısa zamanda təmin edilib. Görülmüş tədbirlər müsbət effekt verir. Artıq yoluxma sayı günü-gündən azalır.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı Teleqraf.com-a açıqlamasında son 17 ildə ölkəmizdə müasir standartlara cavab verən səhiyyə sisteminin olmasından bəhs edib:

“Müasir standartlara cavab verən səhiyyə ocaqlarının qurulması pandemiyaya qarşı mübarizənin effektivliyinə müsbət təsir edib. Pandemiya bütün dünyanı öz ağuşuna alandan ölkəmizdə də buna qarşı ciddi tədbirlər görülüb. Qısa zamanda ölkədə 10-dan artıq modul tipli xəstəxana açılıb. Maska, tibbi ləvazimatların istehsalı təmin edilib. İnsanların sağlamlığını qorumaq üçün sosial izolyasiya tədbirləri görülüb”.

Deputat bildirib ki, mübarizənin effektivliyni artırmaq üçün laboratoriyaların açılması, süni nəfəs aparatlarının gətirilməsi təmin edilib: “Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın gördüyü işləri yüksək qiymətləndirib. Ölkəmiz beynəlxalq miqyasda mübarizə tədbirlərinə qoşulub. Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının, BMT-nin xüsusi sessiyasının keçirilməsi imkanların birləşdirilməsinə əsas yaradıb”.

Komitə üzvü Azərbaycanın pandemiyaya qarşı ilk önləyici tədbirlər görən ölkə olduğunu xatırladıb: “Vaksinasiyada da ölkəmiz prosesə tez qoşulanlar sırasındadır. Artıq dünyanın bir sıra ölkələrində bu proses başlayıb. Virusa qarşı ən effektiv peyvəndin Azərbaycana gətirilməsi təmin edilib. İnsanların sağlamlığı üçün bu olduqca vacibdir. Ölkəmiz bu sahədə də ilklərdən olmağı bacarıb”.

Milli Məclisin səhiyyə komitəsinin üzvü Soltan Məmmədov Teleqraf.com-a açıqlamasında Azərbaycan COVİD-19 pandemiyasının yayıldığı ilk günlərdən effektiv, ardıcıl və düşünülmüş tədbirlər həyata keçirməklə bir çox ölkələrə nümunə olduğunu bildirib:

“Məhz dövlətin praqmatik, bütün mümkün ssenariləri nəzərə alan strateji yanaşması virusun böyük itkilərə səbəb olmasının qarşısını almağa imkan verib. Ölkədə səhiyyə sisteminin təkmilləşdirilməsi, müasir xəstəxanaların, tibb ocaqlarının qurulması istiqamətində mühüm addımlar atılıb. Son 17 il ərzində 750-dən çox xəstəxananın əsaslı təmir edilməsi və ya yenidən tikilməsi nəticəsində Azərbaycanda pandemiyaya qarşı mübarizənin düzgün təşkilinə imkan verən maddi-texniki baza mövcud olub”.

Komitə üzvünün sözlərinə görə, Azərbaycanın pandemiya dövründə həyata keçirdiyi siyasətin bir neçə əsas hədəfi olub: “Vətəndaşların sağlamlığını qorumaq, insanların sosial müdafiəsinə dəstək dövlətin başlıca vəzifəsi idi. Paralel olaraq iqtisadiyyatda mümkün itkilərin qarşısını almaq və beynəlxalq birliyin məsuliyyətli üzvü kimi pandemiyaya qarşı qlobal mübarizədə fəal iştirak təmin edildi. Azərbaycan dövləti bütün gücü və imkanlarını bu hədəflərin maksimum keyfiyyətlə yerinə yetirilməsinə sərf edib və qarşıya qoyduğu vəzifələrin öhdəsindən uğurla gəlib”

Millət vəkili səhiyyə sahəsində indiyə qədər həyata keçirilmiş tədbirlərin icbari tibbi sığorta sisteminə keçid üçün geniş imkanlar yaratdığını da qeyd edib: “Yeni sistemə keçid Azərbaycanda tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, əlçatanlığının təmin olunmasına imkan verəcək".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər