Hazırda Ermənistanda ölüm-dirim savaşı gedir. Görünən odur ki, hələ də Paşinyanın kütlə arasında etibarı qalıb. Əhali revanşist qüvvələrə inanmır. Dünyanın heç bir yerində olmayan və görünməyən ziddiyətli reallıqlar Ermənistanda yaşanır.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, Ermənistanda nə iqtidar, nə də müxalifət insanların real dəstəyini ala bilmir:
“Bu, bir ölkə üçün olduqca acınacaqlı vəziyyətdir. Dünyanın tək-tək ölkələrində tarixin çox nadir dövrlərində belə paradoksal anlar yaşanıb. Ermənistan məhz bu gün o anları yaşayır. Yəni kütlənin inanacağı bir siyasi qüvvə yoxdur ki, ona güvənsin. Bu reallıq isə Azərbaycan dövlətinin, cənab Prezidentin Qələbəsinin möhtəşəmliyinin göstəricisidir. Azərbaycan işğalçı Ermənistana o dərəcədə ağır zərbə vurdu ki, həm iqtidar, həm də erməni ordusu kütlənin ehtimadını tamamilə itirdi”.
Elşad Mirbəşioğlu Paşinyanla hərbçilər arasında hazırda münasibətin hansı səviyyədə olmasından bəhs edib:
"Paşinyan müəyyən mənada ona qarşı çıxan hərbi kontigentə qarşı üstün mövqedə görünür. Onik Qasparyanın Paşinyana sərgilədiyi mövqe aydın nümayiş etdirir ki, bütövlükdə Ermənistanın hərbi idarəetmə sistemində ciddi fikir ayrılığı mövcuddur. Qasparyanın mövqeyində müəyyən transfer hallarının müşahidə olunması ona dəlalət edir ki, cinahları dəyişib, mövcud reallığa uyğun davranaraq iqtidar əldə etmək istəyindədir”.
Millət vəkili bildirib ki, Ermənistan müxalifəti Paşinyanı bu günə kimi dəstəkləyən Qərb dairlərindən dəstək almağa hazır olduğunu nümayiş etdirir:
“Çünki bu insanlar üçün yeganə məqsəd siyasi hakimiyyət qazanmaqdan ibarətdir. Əslində isə Ermənistanın köhnə hərbi qvardiyasi Azərbaycana qarşı təcavüzlərə, Xocalı soyqırımına və digər cinayətlərə görə cavabdehdir. Bu gün onların hər hansı mövqe sərgiləmələrindən asılı olmayaraq Azərbaycan dövləti qarşısında ədalət mühakiməsinə çəkiləcəklər. Bu birmənalıdır. Sadəcə olaraq bu reallıq göstərir ki, Ermənistanda hakimiyyət uğrunda çəkişmələr uzun müddət davam edəcək. Bu da Ermənistanın vəziyyətini daha da ağırlaşdıracaq”.