Azərbaycan 2020-ci ildə müharibə apararaq ərazi bütövlüyünü təmin etdi. Hesab edirəm ki, Vətən müharibəsində qazanılan qələbə 100 illər ərzində görülmüş və görüləcək işlərdən daha böyükdür”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı barədə danışarkən deyib.
Komitə sədri deyib ki, Azərbaycan 2020-ci ildə 3 cəbhədə mübarizə aparıb və kifayət qədər resurslarını səfərbər edə bilib:
“Birincisi, COVID-19 pandemiyasının yaratdığı problemlərə baxmayaraq, strateji layihələrin həyata keçirilməsi, ordumuzun təkmilləşdirilməsinin davamlı olması müsbət hadisədir. Pandemiya ilə əlaqədar olaraq dəstək proqramları çərçivəsində yardımlar ölkə əhalisinin yarısını əhatə edib. Həmçinin sahibkarlara, iqtisadi subyektlərə verilən dəstək bu sahədə zəifləmənin qarşısını aldı. Maliyyə nəzarətinin gücləndirilməsi, şəffaflığın qorunmasında informasiya texnologiyalarının imkanlarından istifadə etmək daha çox nəticə verə bilər. Yaranan bütün çətinliklərə baxmayaraq, illik inflyasiyasının 2,8 % təşkil etməsi, manata olan təzyiqlərin neytrallaşdırılması müsbət hadisədir”.
Tahir Mirkişilinin fikrincə, 2020-ci ildə maliyyə sabitliyinin qorunması siyasətini uğurlu hesab etmək olar:
“Görülən tədbirlər iqtisadiyyatda şəffaflığı daha da artırıb. Bununla yanaşı, düşünürük ki, publik hüquqi şəxslərin bazardakı fəaliyyətini tənzimləməklə bağlı yeni yanaşmalara ehtiyac yaranmaqdadır. Hesab edirəm ki, 2021 yeni ideyalar və innovasiyalar ilidir".