16 Mart 2021 16:37
1 086
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Füzuli və Xocavəndə səfəri və burada səsləndirdiyi fikirlər olduqca vacibdir. Bu, 44 günlük Vətən müharibəsindən sonra cənab Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərə 4-cü səfəridir. Bu səfərlərin ərazilərdəki real mənzərənin bütün dünyaya çatdırılması baxımından əhəmiyyəti böyükdür. Bu addımlar ölkəmizin gücünü, qüdrətini və torpaqların əsl sahiblərinin kimliyinin tanıdılması baxımından önəmlidir.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Onun sözlərinə görə, azad edilmiş ərazilərdə artıq nəqliyyat kommunikasiya xətlərinin çəkilisi reallaşır:

“Füzuli-Hadrut avtomobil yolunun təməlinin qoyulması bölgədə yaranacaq infrastruktur üçün mühüm önəm kəsb edir. Azərbaycanlılara məxsus mülklərin, dini, tarixi, mədəni abidələrin dağıdılması, erməni vandallığı beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb. Evlərin dağıdılması, hətta divarların belə sökülərək qənimət kimi aparılması erməni xislətinin ən aydın ifadəsidir”.

Cavid Osmanovun fikrincə, cənab Prezidentin qədim yaşayış məskəni olan Azıx mağarasını ziyarət etməsi xalqımızın öz tarixi keçmişinə bağlı olduğunu göstərir:

“Bu addım ərazilərin azərbaycanlılara malik olduğunu nümayiş etdirir. Torpaqların əsl sahiblərinin Azərbaycan xalqı olduğunu dünya ictimaiyyəti açıq şəkildə görmüş oldu”.

Millət vəkili 44 günlük müharibədə Azərbaycan Ordusunun göstərdiyi böyük qəhrəmanlıqlardan bəhs edib:

“Şanlı Ordumuzun ən böyük əməliyyatlarından biri də Hadrut qəsəbəsinin azad olunması ilə bağlı keçirdiyi döyüşlər idi. Hadrut əməliyyatı dünyanın hərb elmi üçün əhəmiyyətli hadisə kimi tarixə düşdü. Məhz bundan sonra Qarabağın incisinə, Şuşaya yol açıldı. Bu baxımdan Hadrut qəsəbəsinin azad edilməsinin hərbi-strateji əhəmiyyəti olduqca böyükdür. Azərbaycan əsgəri özünün yüksək hazırlığına, mənəvi keyfiyyətlərinə görə düşməndən qat-qat üstündür. Bunu Vətən müharibəsində də açıq şəkidlə görmək mümkün oldu. Azərbaycanlıların mənəvi kodeksinin, Azərbaycan əsgərinin heç vaxt mülki erməni əhalisinə atəş açmaması onun hansı xalqın təmsilçisi olduğunu bir daha göstərdi. Bunun əksinə olaraq Ermənistan hakimiyyətinin təmsilçiləri daim azərbaycanlı mülki əhalini hərbi hədəf kimi seçib. 1992-ci ildə Qaradağlıda, Xocalıda, Ağdabanda, Ballıqayada, 1993-cü ildə Başlıbeldə, 2020-ci ildə Gəncədə, Bərdədə, Tərtərdə və digər ərazilərdə mülki azərbaycanlıların öldürülməsi buna bariz nümunədir. Amma Azərbaycan əsgəri Vətən müharibəsi dövründə mülki erməni əhalisinə münasibətdə humanist addımlar atıb. Humanitar dəhliz, erməni girovlara tibbi xidmət və onların geri qaytarılması Azərbaycanın mənəvi, insani dəyərlərə olan yanaşması kimi dəyərləndirilir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər