17 Mart 2021 15:40
442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev işğaldan azad olunan rayonlara növbəti səfəri zamanı həm xalqımız üçün, həm də dünya ictimaiyyəti üçün çox mühüm məsələlərə toxunub. Bu səfərin Novruz bayramı ərəfəsində baş tutması insanlarda yüksək əhval-ruhiyyə yaradıb. Azad edilmiş ərazilərdəki böyük quruculuq işləri və infrastruktur layihələrinin həyata keçirilməsi artıq Böyük Qayıdışın günbəgün yaxınlaşıdığını göstərir. Səfər zamanı cənab Prezident Füzuli-Hadrut avtomobil yolunun təməlini qoyub. Artıq biz Qarabağda belə təməlqoyma mərasimlərinin sayının artdığını müşahidə edirik.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, Vətən müharibəsindən 4 ay keçməsinə baxmayaraq, böyük quruculuq işləri aparılır:

“Yol infrastrukturunun qurulması mühüm əhəmiyyət daşıyır. Bu avtomobil yolunun inşası azad edilmiş ərazilərin bərpası üçün çox önəmlidir. Artıq bir neçə yol layihəsi icra edilir. Füzulidən Şuşaya Zəfər yolu çəkilir. Eyni zamanda, Bərdə-Ağdam yolunun çəkilişi yaxın gələcəkdə icra ediləcək. Bununla yanaşı Horadizdən Zəngilana qədər yol çəkiləcək. Cənab Prezident səfər zamanı bir neçə vacib məsələni yenidən gündəmə gətirib. Mühüm məqamlardan biri Azərbaycan Ordusunun mülki əhaliyə qarşı müharibə aparmamasıdır. Azərbaycan əsgəri heç vaxt mülki erməni əhalisinə atəş açmayıb. Humanizm, insanlıq prinsipləri nəinki Azərbaycan əsgərinin, ümumiyyətlə, hər bir azərbaycanlının mənəvi kodeksidir. Azərbaycan Ordusundan fərqli olaraq, erməni silahlıları daim azərbaycanlı mülki əhalini hərbi hədəf kimi seçib. Yaxın 30 illik tarixə nəzər salsaq, bunu əyani şəkildə görmək mümkündür. 1992-ci ildə Qaradağlıda, Xocalıda, Ağdabanda, Ballıqayada, 1993-cü ildə Başlıbeldə, 2020-ci ildə Gəncədə, Bərdədə, Tərtərdə və digər ərazilərdə azərbaycanlılara qarşı soyqırımıları törədilib, mülki insanlar xüsusi amansızlıqla qətlə yetirilib. Ancaq Vətən müharibəsi dövründə Azərbaycan mülki erməni əhalisinə münasibətdə humanist davranıb. Onlar üçün humanitar dəhliz yaradıldı, girovlara tibbi xidmət göstərildi, geri qaytarılması üçün missiyalar yerinə yetirildi”.

Hicran Hüseynova bildirib ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Füzuli və Xocavənd rayonlarına səfəri zamanı çəkilən kadrlardan bir daha rəsmi İrəvanın vandalizm siyasətinin şahidi olduq:

“Otuz il torpaqlarımızı işğal altında saxlayan mənfur düşmən daşı-daş üstündə qoymayıb. Füzuli şəhəri tamamilə dağıdılıb. Təkcə Füzuli deyil, digər ərazilərimiz də yerlə-yeksan edilib. Bu dağıntılar əsasən müharibədən sonrakı dövrdə, torpaqlarımız işğal altında olan zaman baş verib. Ermənilər həmin ərazilərdə müəyyən yerləri hakimiyyətdə olan bəzi dairələrə, xarici havadarlarına, diasporun imkanlı iş adamlarına, şirkətlərə satıb. Onlar da qanunsuz olaraq Azərbaycanın yerüstü və yeraltı sərvətlərini talan ediblər. Sözsüz ki, bu qanunsuzluğa görə onlar məsuliyyətə cəlb olunmalıdırlar. Digər tərəfdən Ermənistanın həm insan resursları, həm də maddi imkanları zəifdir və ya yox dərəcəsindədir. Eyni zamanda ermənilərin davranışı bir daha göstərir ki, onlar bu torpaqlara gəlmədir. Onlar burada əbədi yaşaya bilməyəcək. Tarixi faktların saxtalaşdırılması rəsmi İrəvanın dövlət siyasətidir. Onlar Hünərli kəndindəki Alban kilsəsini erməniləşdirmək istəyiblər. Albanlara məxsus kilsəyə erməni dilində yazılar yazıblar. Amma buna nail ola bilməyiblər. Ölkə başçısı həmin Alban məbədinin qarşısında bir daha bəyan etdi ki, Azərbaycan bütün dinlərə və inanclara hörmətlə yanaşır. Azərbaycanın müxtəlif yerlərində xristian abidələri qorunur. İşğal olunmuş ərazilərdə dağıdılmış bütün abidələr bərpa olunacaq. Azərbaycan ərazisində bütün dinlərin məbədləri dövlət tərəfindən qorunur, dövlət tərəfindən tikilir və bütün dünya bunu bilir”.

Professor fikrincə, dövlət rəhbərinin Azıx mağarasını ziyarət etməsinin mühüm əhəmiyyəti var:

“Bu mağara böyük əhəmiyyətə malik olan tarixi abidədir. Azıx mağarasını azərbaycanlı alim, arxeoloq Məmmədəli Hüseynov 1960-cı ildə aşkar edib. Bundan sonra mağarada tədqiqatlar aparılıb. Bu, dünyanın ən qədim insanının yaşayış yerlərindən biridir, Azərbaycan tarixinə məxsusdur, bizim tarixi sərvətimizdir. Ermənistan bu mağarada qanunsuz olaraq işlər aparıb, xaricdən müxtəlif alimlər gətirib. Onlar bu mağaraya, bizim tarixi irsimizə böyük ziyan vurublar. İndi arxeoloqların, etnoqrafların, tarixçi alimlərin üzərinə böyük iş düşür. Tez bir müddətdə Azıx mağarası və onun dünya tarixində yeri, əhəmiyyəti və erməni saxtakarlığı ilə bağlı faktlar ortaya qoyulmalıdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər