19 Mart 2021 14:24
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkum edilmiş bir sıra şəxslərin Prezident İlham Əliyev tərəfindən əfv edilməsi artıq ənənə halını alıb. 2003-cü ildən bu günə qədər cənab prezident tərəfindən 36 əfv sərəncamı imzalanıb ki, bu da hər il ən azı iki əfv sərəncamı deməkdir.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

O qeyd edib ki, bu humanist addım sayəsində indiyədək ümumilikdə minlərlə məhkum edilmiş vətəndaş bu və ya digər səviyyədə əvf aktının əhatə dairəsinə düşüb və azadlığına qovuşub:

“Martın 18-də imzalanan sərəncam isə 625 məhkuma şamil edilib ki, bu da yalnız 2018-ci ildə əfv edilənlərlə müqayisədə bir qədər azdır. 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar imzalanan əfv sərəncamı 634 məhkuma şamil edilmişdi. Yəni indiki əfv məhkumları əhatə etmə miqyasına görə ikinci ən böyük humanizm aktıdır. Nəzərə almaq lazımdır ki, əfv edilənlərin böyük əksəriyyətinin, yəni 475 məhkumun cəzasının çəkilməmiş hissəsinə xitam verilib və onlar birbaşa azadlığa çıxıblar. İkinci ən mühüm məsələ ondan ibarətdir ki, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 3 şəxsin cəzası 25 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib. Bu, özlüyündə ayrıca bir humanizm aktıdır”.

Digər məsələlərə gəldikdə isə Hikmət Babaoğlu qeyd edib ki, əfv olunan məhkumların sırasında 2015-ci ildə Nardaranda baş vermiş hadisələrlə əlaqədar məhkum edilmiş 30 nəfərin, İslam Partiyası sədr müavininin, AXCP-dən olan 5 siyasi fəalın və 2018-ci ildə Gəncədə baş vermiş kütləvi iğtişaşla bağlı məhkum edilmiş 3 nəfərin də adının olması xüsusi vurğulanmalıdır:

“Onların hər birinin törətdiyi cinayət əməli qanunla sübuta yetirilmiş hal sayılmaqla cəza tədbirləri görülsə də indi əfv edilmələri yenə də cinayət törədənlərə dövlətin humanist siyasətinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, məhkum olunmuş şəxslərin əfv edilməsi onların ailə üzvlərinin, hüquq-müdafiə təşkilatlarının Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq həyata keçirilir. Burada məqsəd təkcə dövlətin humanizm siyasətini nümayiş etdirmək deyil, eyni zamanda məhkumların öz törətdikləri əməllərindən peşman olaraq onu bir daha təkrar etməməsi üçün məhkumlara verilən şansın onlar tərəfindən düzgün qiymətləndirilməsidir. Azadlıq çox qiymətli nemətdir və hər hansı səbəbə, yaxud hər hansı emosional davranışa görə onun qanun tərəfindən məhdudlaşdırılmasına səbəb olan hərəkətləri əsla etmək olmaz”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər