16 May 2021 16:55
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab Prezidentin Qəbələ rayonuna səfəri çərçivəsində Nic kəndindəki alban kilsəsini ziyarət etməsi bizim üçün olduqca sevindirici və qürurverici hadisə idi. Dövlət başçısı ailə üzvləri ilə birlikdə Qəbələdə yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsini ziyarət etməsi mühüm əhəmiyyətə malikdir. Bu alban-udi icması üçün çox böyük sevindirici bir hadisə oldu.

Bunu Teleqraf.com-a Alban-udi Xristian İcmasının sədri Robert Mobili deyib.

O qeyd edib ki, dövlət rəhbərinin ölkəmizdə bütün dini konvensiyalara və onların nümayəndlərinə diqqət və qayğısı hər zaman yüksək olub: “Cənab Prezidentin məhz bu günlərdə Alban-udi icmasına məxsus kilsəni ziyarət etməsi tarixi bir hadisə idi. Ziyarət zamanı alban əlifbası əsasında hazırlanmış olan Müqəddəs Bibliya cənab Prezidentə təqdim edildi. Düşünürük ki, alban-udi icmasına olan bu diqqət dövlətimizin multikulturalizm dəyərlərinə olan dəyərinin növbəti göstəricisidir”.

Robert Mobili ölkəmizdə bütün dini ocaqların dövlət tərəfindən hər zaman diqqət və qayğı ilə əhatə olunduğunu söyləyib: “Heydər Əliyev Fondu tərəfindən alban xristian kilsəsində təmir-bərpa işləri həyata keçirilib. Müqəddəs Məryəm Ana Alban kilsəsi məhz 44 günlük müharibə dövründə bərpa edilməsi dövlətimizin qayğısının bariz nümunəsi idi. Bu günlərdə Şuşada keçirilən Xarıbülbül festivalı da ölkəmizdə bütün dinlərə, onların nümayəndələrinə olan diqqəti göstərdi”.

İcma rəhbərinin sözlərinə görə, Prezident və birinci vitse-prezidentin Alban-udi icmasını ziyarət etməsi bundan sonrakı fəaliyyətlərini daha da stimullaşdırır: “İcma üzvləri tərəfindən də bu yanaşma yüksək qiymətləndirilir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər