4 İyun 2021 21:56
450
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kəlbəcər rayonunda Azərbaycan jurnalistlərinin Ermənistan tərəfindən basdırılmış minaya düşərək həlak olmaları və yaralanmaları ilə bağlı məlumatlar dünyanın aparıcı informasiya agentliklərinin və xəbər resurslarının diqqət mərkəzindədir.

Teleqraf.com xəbər verir ki, qardaş Türkiyə mediası azərbaycanlı jurnalistlərin Kəlbəcərdə mina partlaması nəticəsində həyatlarını itirməsi ilə bağlı xəbərlərə geniş yer ayırıb. Türkiyənin Anadolu Agentliyi, “Haber Global” televiziya kanalında verilən informasiyalarda deyilir ki, Ermənistanın minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi hərbçilərlə yanaşı, dinc insanların, o cümlədən öz xidməti vəzifələrini icra edən media mənsublarının da həyatını təhlükə altına atır.

Bu hadisə ilə bağlı Rusiyanın TASS, Ria Novosti informasiya agentliklərində və BBC-nin Rusiya bölməsində dərc olunan xəbərlərdə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun və AzTV-nin operatoru Sirac Abışovun Kəlbəcər rayonu ərazisində mina partlaması nəticəsində həlak olduqları bildirilir, həmçinin sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi ilə bağlı məlumatlar verilir.

Ukrayna kütləvi informasiya vasitələri də Ermənistanın mina xəritələrini verməməsi nəticəsində Kəlbəcərdə iki azərbaycanlı jurnalistin həlak olması ilə nəticələnmiş son hadisəyə xüsusi yer ayırıb. “Ukrinform”, “RBK-Ukraina”, “24tv.ua”, “gordonua.com”, “correspondent.net” kimi media platformaları hadisə ilə bağlı informasiyalar yayıb. Xəbərlərdə bildirilir ki, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq Ermənistandan minalanmış ərazilərin xəritələrini tələb edir. Ermənistan isə bundan israrla imtina edir.

Kəlbəcərdə baş vermiş mina partlayışı və dinc insanların həlak olması ilə bağlı xəbərlər, həmçinin ərəb mətbuatının da diqqət mərkəzində olub. Bununla bağlı “aljazeera.com” saytında, Misirin “Yeni dünya xəbərləri”, “Aldiplomacy”, Səudiyyə Ərəbistanının “Səda”, “Əl Vətən” informasiya portallarında, “Okaz” qəzetində xəbərlər dərc edilib.

İranın İRNA rəsmi dövlət xəbər agentliyində dərc olunan məlumatda isə bildirilir ki, Ermənistanın yollara basdırdığı mina mülki əhali arasında da itkilərə gətirib çıxarır.

Avstraliyanın “news.com.au”, “australiannewsreview.com”, “adelaidenow.com.au” saytları da Kəlbəcərdə Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minanın partlaması nəticəsində ikisi jurnalist olmaqla üç dinc sakinin həlak olması ilə bağlı materiallar yayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər