8 Dekabr 2021 12:39
1 704
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın təqdim etdiyi əsaslandırılmış və təkzibolunmaz dəlil-sübutları nəzərə alaraq, Ermənistanın başlıca tələblərini, o cümlədən rəsmi İrəvanın “müharibə məhbuslarının dərhal geri qaytarılmasına dair iddiasını” təmin etmədi”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Hərbi Qənimətlər Parkının bağlanmasına və Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair iddialarına da “yox” dedi və bununla da, rəsmi İrəvanın bütün əsassız gözləntilərinin üzərindən xətt çəkdi:

“Məhkəmənin Ermənistanda etnik zəmində zorakı çağırışlar edən qruplaşmalar və fərdi şəxslərə qarşı Ermənistan dövlətinin təcili tədbirlər görülməsinə dair qərarı isə, qənaətimə görə, beynəlxalq müstəvidə rəsmi İrəvana və revanşçı qüvvələrə verilən ən önəmli mesajdır. Bu qərar, eyni zamanda, vaxtilə Azərbaycan torpaqlarının işğal edilməsi, azərbaycanlılara qarşı soyqırımı və etnik təmizləmə aktlarının həyata keçirilməsi, Azərbaycan ərazilərində misli görünməmiş vandalizm aktlarının, həmçinin digər müharibə cinayətlərinin əsas səbəbinin Ermənistanda mövcud olan və uzun illər boyu körüklənən ultramillətçi, aqressiv əhval-ruhiyyədən qaynaqlandığını ifadə edir. Bu qərar Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən bütün dünyaya erməni millətçiliyinin nə qədər təhlükəli olduğu barədə xəbərdarlığı kimi də qiymətləndirilə bilər.

Beynəlxalq Ədalət Məhkəməsinin mina xəritələrinin qaytarılması barədə qərar verməməsinin başlıca səbəbi isə, rəsmi İrəvanın bir neçə gün öncə bu xəritələri Azərbaycana təhvil verməsi ilə bağlıdır. Şübhəsiz ki, Ermənistan yalnız məhkəmənin qərarından çəkindiyi üçün xəritələri Azərbaycana verib. Rəsmi İrəvanın “hümanizm” prinsiplərindən çıxış edərək, mina xəritələrini Azərbaycana təhvil verdiyini düşünmək, sözün bütün mənalarında sadəlöhvlük olardı.

Beləliklə, Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinə bəslədiyi ümidlər və təbii ki, bu ümidlərdən doğan planları da boşa çıxdı. Manipulyasiya üçün yer qalmadı”.

Elçin Mirzəbəyli hesab edir ki, Ermənistanın iddialarının təmin edilməməsinin əsas səbəbi, istisnasız olaraq, Azərbaycan tərəfinin nümayiş etdirdiyi çeviklik və peşəkarlıqdır: “Azərbaycan döyüş meydanında olduğu kimi hüquq müstəvisində də Ermənistanı məğlub etdi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər