Milli Məclisin büdcə müzakirələrində İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova bildirib ki, Azərbaycanın dünyanın ən rəqabətli 40 ölkə içərisində yer alması iqtisadiyyatın inkişafının göstəricisidir:
“BVF-ə görə, inkişaf etməkdə olan ölkələr üzrə artım tempi 5 % təşkil edəcək. Bu proqnozların reallaşmasında bir sıra risklərin olması gözlənilir. Bura Avrozonadakı inflyasiya, borclanma və işsizliyin aşağı düşməsi olacaq. İnkişaf etməkdə olan ölkələr üzrə əsas risk kimi Çində iqtisadiyyatın zəifləməsi, kapitalın axını, Ukraynadakı vəziyyət göstərilir. Dünya iqtisadiyyatında risklər nəzərə alınaraq ölkəmizdə orta müddət üçün makro iqtisadi sabitliyi və dayanıqlıq davam edəcək. Növbəti il üçün manatın məzənnəsi sabit olacaq, inflyasiya 2,3 % olacaq. Neftin qiymətinin dəyişməsi səbəbindən digər ssenarilər nəzərdə tutulub. Dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın təşəbbüskarı olduğu layihələr Avropanın enerji təminatında əsas rol oynayır. Gələn il Cənub Qaz Dəhlizi kəmərinin çəkilməsi də, ölkənin müstəqilliyini bir qədər də möhkəmləndirəcək. Xidmət sahələrində keyfiyyətin prioritetliyi saxlanılacaq. Ölkədə turizm sənayesini inkişaf etdirilir, yeni otellər inşa olunur. Xarici ticarətdə 16,7 milyard dollar təşkil edəcəyi proqnozlaşdırılır. 2015-ci ildə iqtisadi artım 4,4 faiz, növbəti üç ildə isə orta illik iqtisadi artım 5 faiz proqnozlaşdırılır. Qeyri-neft sektorunun gəlirləri gələn il 8,2 faiz, növbəti üç ildə isə orta hesabla 7 faiz artacağı gözlənilir. Neft sektorunda 2015-ci ildə hasilat 40,6 milyon ton, növbəti illərdə isə sabit olaraq 40 milyon ton proqnozlaşdırılır. Qeyri-neft sektorunun ümumi daxili məhsuldakı payı 2015-ci ildə 66 faizdən 2018-ci ildə 71.3 faizə çatacaq”.
Nemət