26 Dekabr 2021 11:09
1 633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistandan bir qrup ziyalı Moskvada Rusiyanın vasitəçiliyi ilə görüşüb. Bu görüşdə Azərbaycanı Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, kinorejissor Ayaz Salayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Ermənistanı Yerevan Dövlət Tibb İnstitutunun rektoru Armen Muradyan, Hovhannes Tumanyan adına Dövlət Kukla Teatrının bədii rəhbəri Ruben Babayan, Stanislavski adına teatrın direktoru Marianna Mxitaryan və rejissoru Harutyun Xaçatryan təmsil ediblər.

Teleqraf.com xəbər verir ki, BBC News Azərbaycanca Fərhad Bədəlbəyli ilə danışaraq onun bu görüşlə bağlı təəssüratlarını, müzakirə edilən məsələlər və 30 il müharibə şəraitində yaşamış azərbaycanlı-erməni xalqlarının gələcək münasibətləri barədə fikirlərini öyrənib:

- Müharibə qurtardı, biz torpaqlarımızı qismən olsa da, azad elədik. Hazırda Azərbaycanda, Qarabağda 20-30 min erməni yaşayır. Əlbəttə, əsas məqsədimiz odur ki, bu əhali başa düşsün ki, Azərbaycanla bir yerdə olmaq onlar üçün çox əlverişlidir. Yəni praqmatizm hökm sürməlidir.

Onlar başa düşürlər ki, ya Azərbaycanın vətəndaşları olmalıdırlar, ya oradan getməlidirlər. Çünki üçüncü yol yoxdu. Daima onlar rus əsgərinin himayəsi altında yaşamayacaqlar ki… Bu həyat da deyil axı. Mən orda bunu demədim, çünki biz humanitar problemi müzakirə edirdik.

Onlar görüşdə status məsələsini qaldırsaydılar, onda biz bunu deyərdik. Amma bu görüşdə qaldırmadılar. Başa düşdülər ki, bu, siyasi bir problemdir. Biz siyasətçi deyilik, biz ancaq humanitar problemlərdən danışa bilərik.

Gələcəkdə, hansısa mədəni, humanitar layihələr ola bilər. Ancaq, bax, belə şəkildə… Çünki, əlbəttə, çox gərgin görüş idi. Biz müharibədən sonra birinci dəfə görüşürdük . Deməzdim ki, çox səmimi, azadıydıq, əksinə, gərginlik hiss olunurdu.

Biz heç Qarabağdan danışmadıq. Görüşdə əsas məsələ Azərbaycanda saxlanan erməni əsgərlər haqqında idi, biz isə Azərbaycan torpaqlarında qalmış minlərlə mina problemini qaldırdıq. Bu iki problem üzərində müzakirə apardıq.

- Bildiyim qədər əvvəllər də hər iki xalqın ziyalıları arasında belə təmaslar olub. Hətta siz də iştirak etmisiniz. İindiki ilə əvvəlki görüşlərin arasında bir fərq var idimi?

– Yerlə-göy qədər, əlbəttə. O illərdə biz tamam başqa rolda çıxış edirdik. İndi biz yerlərimizi dəyişdirmişdik. İndi qalıb bizik. Buna görə əlbəttə söhbətin tonu tamam başqa idi.

– Söhbətin tonu necə idi?

– Əgər onlar 12 il əvvəl -görüş 2008-ci ildə olmuşdu,- bir az, necə deyim, çox sərbəst idilər, deyirdilər ki, “gəlin dost olaq”, “gəlin müharibəni yaddan çıxardaq”. İndi isə biz bunu deyirik ki, müharibə qurtardı, gəlin planlaşdıraq ki, gələcəkdə bir-birimizlə normal yaşayaq.

Lap dost olmasaq da – çünki dostluq məsələsi burada qeyri-mümkündür,100 ildən 200 ildən sonra bəlkə mümkün ola bilər, - normal, sivil, qonşu kimi yaşaya bilərik. Əsas məsələ budur.

- Bu fikri səsləndirdinizmi və reaksiyalar necə idi?

– Reaksiya normal idi. Mən gözləyirdim ki, onlar aqressiv olacaqlar, amma elə olmadı. Çox mədəniydilər və yəqin onlar bu obyektiv vəziyyəti başa düşürdülər.

– Fərhad bəy, dediniz ki, gələcəkdə mədəni layihələr həyata keçirməklə bağlı da müzakirə aparmısınız. Yəni söhbət nədən gedir? İki ölkə hansı mədəni layihələri həyata keçirə bilər?

– Vaxtilə, on il bundan qabaq Moskva gözəl bir layihə ilə çıxış etdi, Cənubi Qafqazın simfonik orkestri, gənclik simfonik orkestri… Onda gürcülər, ermənilər və azərbaycanlılar həmin orkestrdə çıxış edirdilər. Konsertlər Yerevanda, Bakıda Tiflisdə və Varşavada oldu.

Yəni belə bir proyektlərə biz həmişə hazırıq. Bu proyekt alındı, amma onu Azərbaycanda birmənalı qarşılamadılar, vəziyyət pis idi. Torpaqların 20 faizi işğal altında idi. Və bəzi adamlar – mən onları başa düşürəm, – öz evlərini itirən insanlar deyirdilər: biz evlərimizi itirdik, torpaqlarımızı itirdik, siz isə gedib bir yerdə konsert verirsiz. İzah edirdik ki, bu layihələr gələcək üçündür, deyirdik ki, istər-istəməz illər keçəcək, müharibələr qurtaracaq.

Bizdə ağır düşmənçilik hissi var, mən bunu hiss edirəm. Amma bəlkə gələcəkdə insanlar daha da yumşaq, multikulturalizm məsələsində daha da rahat olacaqlar. Bu, gənclərdən asılıdır. Bizdən o hissiyyat, çətin ki, çıxsın. 30 il ərzində çox çəkmişik.

– Yəni siz hesab edirsiniz ki, iki xalq arasında normal münasibətlərin qurulması çətin olacaq?

– Əlbəttə, bu, çox çətin bir prosesdir.

– Bəs necə hesab edirsiniz, Azərbaycanda erməni əhali var və Azərbaycan onların inteqrasiya olunmasını istəyir…

– Mənim ümidim bizneslə bağlıdır. Bax, siz deyirsiniz ki, mədəniyyət-filan, bu öz yerində, amma nə vaxtsa Xankəndidə işləyən erməni başa düşəcək ki iş məsələsində, qazanc məsələsində xeyri Azərbaycandan gəlir, bax, onda bütün problemlər həll olunacaq.

Çünki ideologiya düşmənçilikdən başqa heç nə vermir. Amma biznes konkret nəticə verir. Mənim bütün ümidlərim biznes və iqtisadiyyatla bağlıdır. Hansısa erməni kəndlisi başa düşəcək ki, malını Füzulidə satmaq onu Ermənistana aparmaqdan da sərfəlidir…

Mən iqtisadçı deyiləm, amma əsas məsələ praqmatizmdir. Əgər ermənilərdə bu hissiyyat daha güclü olacaqsa, onlar başa düşəcəklər ki, Azərbaycandan yalnız xeyir gəlir.

– Gələcək görüşlərdə Qarabağ ermənilərinin də iştirakı mümkündürmü? Çünki Azərbaycanda qalıb yaşamaq və yaşamamaq qərarını Ermənistan ziyalısından, vətəndaşından daha çox onlar verməli deyillərmi?

– Çətin məsələdir, mən sizinlə razıyam, əlbəttə. Məncə, onların arasında ekstremizm, revanşizm ruhu çox güclüdür. Onların arasında əgər hansısa sülhə bağlı bir insan, praqmatik bir insan başa düşər ki, müharibə onlara heç bir şey vermədi, əksinə, çox şey itirdilər, o insanlarla danışmaq olar.

– Qarabağın erməni icmasına təsir edəcək o adamları kim axtarıb tapmalıdır: Moskvamı, Azərbaycanmı, yoxsa Ermənistan ictimaiyyətimi?

– Azərbaycan o siyahını gözəl bilir.

– Siz dediniz ki, bu görüşdə Azərbaycanda saxlanılan erməni hərbçiləri və işğaldan azad edilən ərazilərin minalanması ilə bağlı məsələni müzakirə etmişiniz. Bu məsələlərdə sizin töhfəniz nə olmalıdır və görüşdə iştirak edən erməni ziyalılarının töhfəsi nə olmalıdır?

– Biz başa saldıq ki, yavaş-yavaş, 10 nəfər, 5 nəfər – onları buraxırlar. O problem deyil, onların işinə baxırlar. Kimin təqsiri böyükdür, kiminki azdır. Və bu, əlbəttə, vaxt aparacaq. “Gəlin hamını azad edək” deməklə bu, mümkün deyil, çünki neçə ay ərzində vəkillər çıxış edir, prokurorlar çıxış ediblər, bu, zarafat deyil.

Amma minalarla bağlı biz dedik ki, siz bütün xəritəni vermirsiz, verilənlər də çox vaxt düzgün deyil. Onlar (erməni hərbçiləri) gec-tez Ermənistana qayıdacaqlar, amma bizim adamlarımız, yüzdən çox insan (İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə minaya düşərək həlak olanlar nəzərdə tutulur– red.) onları qaytarmaq mümkün deyil. Mən bəlkə bir az sərt dedim. Amma dedim, Gülçöhrə xanım da dedi ki, o insanların həyatını qaytarmaq olmur.

– Fərhad bəy, bu müzakirələr zamanı səslərin tonu heç ucaldımı?

– Xeyr, çox mədəni şəkildə… Bilirsiniz, özünü saxlamaq, normal danışmaq çətin idi, tonu qaldırmamaq hərdənbir çox çətin olurdu. Biz emosional millətik, onlar da həmçinin. Deyim ki, onlarda da bunu görmədik, ona görə biz də özümüzü sakit apardıq.

– Sizin təəssüratınız nədir? Gələcəkdə normal münasibətə bir ümid oyatdımı?

– Bəlkə deyəcəklər ki, bu görüşlər kimə lazımdır… Məncə, lazımdır. Əvvəla, biz Ermənistanda olan abı-havanı hiss elədik, orda da bəzi qüvvələr var, revanşistlər, daşnaklar var. Orda ayrı-ayrı təbəqələr var və onların vəziyyətini öyrənmək bizim üçün vacibdir.

Belə görüşlər gələcəkdə olacaq və əlbəttə, biz istəməzdik ki, müharibə yenə başlasın. Biz istərdik, bizim əsas problem budur ki, o cəmiyyət Qarabağ məsələsinin bitdiyini artıq başa düşsün. Artıq inteqrasiya məsələsi olmalıdır. Əsas məsələ budur.

Oturub fikirləşməlidirlər ki, bu insanları (Qarabağ ermənilərini) bəlaya salıblar, 1988-ci ilə qədər gül kimi yaşayırdılar da. Universitet erməni dilində, teatr erməni dilində, musiqi kollec erməni dilində, dükanların adlarının hamısı erməni dilində idi. Onlar çox yaxşı yaşayırdılar. Bu millətçilər onları yoldan çıxardılar, belə vəziyyətə saldılar. Bunu artıq başa düşməlidirlər.

– Növbəti görüş nə vaxt olacaq? Müəyyənləşdirdizmi?

– Kim bilir… Deyə bilmərəm. Konkret bir şey eləmədik, belə fikirləşdik ki, 2022-ci ildə bəlkə yeni adamlar gəlsinlər, yavaş-yavaş bu təmasları bərpa edək.

Açıq deyək, Azərbaycanda da bunu birmənalı qarşılamayacaqlar. Bunu bilirəm, nəzərə almaq lazımdır, biz çox şəhid vermişik. Şəhid anaları, qazilər… Bu belədir ki, birdən-birə deyək ki, biz indi dost olacağıq, bu, qeyri-mümkündür. Amma gələcəkdə normal tərəfdaş ola bilərik. Ona görə də düşünürəm ki, gələcəkdə belə görüşlər olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər