Məlum hadisələr fonunda ara-sıra səslənən “AMEA ləğv olunmalıdır” çağırışları ciddi narahatlıq yaradır. Ona görə ki, məmləkətin elm, bilik, tədris və fikir məbədi olan Elmlər Akademiyası təkcə orada çalışanların iş yeri deyil, həm də hamımızındır, xalqımızın XX əsrdə qazandığı qiymətli milli sərvətidir.
Teleqraf.com xəbər verir ki, bunu media eksperti Qulu Məhərrəmli Feysbuk səhifəsində qeyd edib.
“Əlbəttə, bu gün həmin elm mərkəzində yaşananlar, yöndəmsiz idarəçiliyin törətdiyi əcaib vəziyyət, müstəqillik dövrümüzün ən eybəcər və ziyanlı fiqurlarından olan R.Mehdiyevin öz siyasi niyyətləri üçün akademiyanı səngərə çevirməsi bu qurumu ləğv etmək üçün əsas ola bilməz. Biz bilməliyik ki, xalqın milli düşüncəsinə və mənəviyyatına ağır zərbələr vurmuş Ramiz Mehdiyevlər gəldi-gedərdir, amma ölkə elminin simvolu olan AMEA yaşamalıdır. Təbii ki, əsaslı islahatlar aparmaq, idarəçilik sistemini dəyişmək, elmi araşdırmaları stimullaşdırmaq, institutları fəallaşdırmaq, oraları bisavad akademiklərdən təmizləmək, alimlərin maaşlarını artırmaqla çox şeyə nail olmaq mümkündür. Yəni biz gerçək yaşı 100-ə çatmaqda olan akademiyanı ləğv etmək yox, indi bu elm ocağımızın yüksək dəyərini saxlamaq üçün planlar qurmalıyıq”, - Q.Məhərrəmli bildirib.