21 Noyabr 2014 17:27
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı şəhəri 46 saylı Məktəbdənkənar Tərbiyə işi Mərkəzində Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin, «Jurnalistika və İnkişaf Mərkəzi» İctimai Birliyinin və Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı ilə Ümumdünya Yol Qəza Qurbanlarının Anım Günü qeyd olunub.

Teleqraf.com xəbər verir ki, BMT-nin təsis etdiyi bu gün hər il noyabr ayının sonuncu iş həftəsinə təsadüf edir. “Yaşasaydım 25 yaşım olardı” devizi altında keçirilən tədbirdə millət vəkili Fazil Mustafa, müxtəlif təşkilatların nümayəndələri, valideynlər, uşaqlar və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları iştirak edib.

Tədbirdə çıxış edən millət vəkili Fazil Mustafa isə belə bir toplantının keçirilməsini ağrılı problemin gündəmə gətirilməsi kimi qiymətləndirib. Onun sözlərinə görə, yol qəzalarının sayının azaldılması ilk növbədə qaydalara riayət edən sürücülərin çoxalmasından asılıdır: “Bu gün biliksiz insana sürücülük vəsiqəsi vermək ağır cinayətdir. Biliksiz adama vəsiqə vermək savadsız həkimə diplom vermək kimi ağır əməldir. İndi təzə dəb yaranıb. İnsanlar bir-birinə sürücülük vəsiqəsi hədiyyə edirlər, bəzən xanımlara sürücülük vəsiqəsini hədiyyə verirlər. Düzdür, xanımlar kişilərə nisbətən daha diqqətli, intizamlı sürürlər. Amma yaxşı olardı ki, sürücülük vəsiqəsinin əvəzinə xanımlara daha dəyərli hədiyyə versinlər. Biliksiz adam sürücülük vəsiqəsi alırsa, bunun ağır nəticələrini biz hər gün yollarımızda görməli oluruq”.

Mərasimdə çıxış edən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov isə bildirib ki, bu ilin əvvəlindən noyabrın 10-dək paytaxt ərazisində uşaqların iştirakı ilə baş vermiş 63 yol qəzasında 19 azyaşlı ölüb, 51 nəfər yaralanıb. Ölüm faktlarının sayı ötən ilə nisbətən 1 nəfər artıb.

V.Əsədov deyib ki, azyaşlıların iştirakı ilə baş verən qəzaların əsas səbəbinin 49 faizini sürət həddinin aşılması, 51 faizinin təyin olunmayan yerlərdən keçən piyadaların avtomobillərlə vurulması təşkil edir.

Tədbirin sonunda yol qəza qurbanlarının xatirəsinə azyaşlı uşaqlar tərəfindən havaya şarlar buraxılıb.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər