Sentyabrın 3-də jurnalist Əvəz Zeynallı həbsdə olan iş adamının ailəsindən şantaj, hədə-qorxu və böhtan yolu ilə 20 min manat pul alıb.
Teleqraf.com "Haqqın.az"a istinadla xəbər verir ki, məmurların və hakim elita nümayəndələrinin ardıcıl tənqidçisi kimi çıxış edən jurnalist dəfələrlə həmin biznesmenin də fəaliyyətini tənqid edib, şantaj və hədə-qorxu ilə ondan pul almağa çalışıb.
Bu dəfə isə Zeynallı daha da irəli gedərək həbsdə olan iş adamının ailəsinə və övladlarına böhtan atıb.
O, tənqidləri dayandırmaq müqabilində pul almağa nail olub. Lakin Zeynallı üzərinə düşən öhdəlikdən boyun qaçırıb. Pul “mükafatı” alan media təmsilçisi tənqidlərinə ara verməyib. Buna cavab olaraq iş adamının yaxınları pulu geri tələb ediblər.
Jurnalist isə buna cavab olaraq bəyan edib ki, o, biznesmeni tənqid deyil, təbliğ edib. Biznesmenin “qurban” obrazını yaradıb və bu işi davam etdirəcək. Amma qarşı tərəf etiraz edərsə, razılaşdırılmış məbləği qaytara bilər.
Rasim Məmmədovun vəkili Elçin Sadıqov isə Gununsesi.info-ya açıqlamasında bu iddiaları təkzib edib:
“Mən də bu xəbəri oxuyandan sonra Rasim Məmmədovun ailəsi ilə əlaqə saxladım. Ancaq onlar bu iddianı birmənalı olaraq təkzib etdi. “İadə” ifadəsində heç bir puldan söhbət getmir. Ailə bu xəbərə görə ciddi narahat olub. Orada Rasim Məmmədovun günahsızlığını özündə əks etdirən konkret sənədlərdən söhbət gedir. Əvəz bəy həmin sənədləri qaytarmasını nəzərdə tutub”.
***
Elçin Sadıqovun açıqlamasından sonra haqqin.az saytının rəhbəri Eynulla Fətullayev sosial şəbəkədə "Elə etmə ki, sənin də səsini yayım!" deyə paylaşım edib.
***
Eynulla Fətullayev, həmçinin, Əvəz Zeynallının iş adamının ailəsindən aldığı 20 min manatı geri qaytardığını bildirib.