Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının sammitinə qatılmaq üçün ABŞ-ın Nyu-York şəhərinə gəlib.
Teleqraf.com xəbər verir ki, Türkiyə prezidentinin TC-TRK adlı təyyarəsi artıq Nyu-York hava limanına enib.
Prezident Ərdoğanı Con Kennedi Beynəlxalq Hava Limanında Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu, Türkiyənin Vaşinqtondakı səfiri Hasan Murat Mercan və digər rəsmi şəxslər qarşılayıblar.
Türkiyə lideri ilə xanımı Əminə Ərdoğan, xəzinə və maliyyə naziri Nurəddin Nəbati, milli müdafiə naziri Hulusi Akar, ticarət naziri Mehmet Muş, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan, müdafiə sənayesi naziri İsmayıl Dəmir, Prezident Administrasiyasının kommunikasiya departementinin direktoru Fahrettin Altun, prezidentin sözçüsü İbrahim Kalın və hakim partiyanın (AKP) sözçüsü Ömər Çelik də ABŞ-a gəlib.
Prezident Ərdoğan qalacağı Türk Evinə gələrkən onu orada qarşılayan Türkiyə vətəndaşlarını salamlayıb.
Ərdoğan ABŞ-a səfəri çərçivəsində BMT-nin 77-ci Baş Assambleyasına qatılacaq və bəzi görüşlər keçirəcək. Türkiyə liderinin amerikalı həmkarı Co Baydenlə də görüşəcəyi bildirilir.