Bu gün dünyada cərəyan edən məlum geosiyasi proseslərin əslində 25-30 il öncəki olaylarla tam eyniyyət təşkil etməsi "tarixin təkəri" məfhumunu yada salır. Bəli, tarixin təkəri dövr edir və həmin zamanların süni yolla yaradılmış ictimai gərginliklərini, siyasi təhdidlərini, iqtisadi bəlalarını yenidən yaşamağa zorən məhkum edilirik. Ötən əsrin 80-ci illərinin ortalarından etibarən Qərbin SSRİ-ni və ümumiyyətlə, sosialist düşərgəsini çökdürmək üçün tətbiq etdiyi iqtisadi-siyasi-hərbi taktiki və strateji gedişlər bu gün müstəqil siyasət yürüdən ölkələrə qarşı təkrar dövriyyəyə buraxılır. Ssenari də, aparılan xətt də, hətta strateqlər də belə dəyişməyib. Məqsəd "Yeni Dünya Nizamı" adı altında ədalətsiz və çoxstandartlı prinsiplərlə formalaşdırılan müasir dünya siyasi sistemini əslində, birqütblü qlobal məkana çevirmək və bununla da dünyanın bir mərkəzdən idarə edilməsi prosesinin məntiqi yekununa nail olmaqdır.
Güclüsən - demək haqlısan?
Dünyanın siyasi tarixini, əsasən də son iki əsrlik dövrün siyasi mahiyyətini öyrəndikcə, məxəzlər və elmi vəsaitlər nə qədər etibarsız, qərəzli və subyektiv olsa da, müvafiq nəticələr çıxarmağa imkan verir. Əsas ortaya çıxan həqiqət isə yuxarıda toxunduğumuz məqamla bağlıdır: "dünyanın bir mərkəzdən idarə olunması" məram-intriqası son əsrdə baş verən istisnasız olaraq bütün müharibələrin, siyasi çəkişmələrin, sosial-iqtisadi böhranların, siyasi quruluşların və dövlətlərin iflasının əsas məğzi və zəmini olmuşdur. Bu gün bəşəriyyətin qan çanağına çevrilməsi, insan yaşayan bütün qitələrin savaş və terror bəlasına mübtəla olması, zorun ədalətdən önə keçməsi də məhz birqütblü dünyaya transformasiyanın məntiqi nəticələridir. Görünən odur ki, dünya siyasətində Roma İmperiyası dövründə mövcud olmuş "güclüsən, deməli haqlısan" yanaşması hətta minilliklərdən sonra belə saxlanılır.
"Rəngli inqilablar"dan "ərəb baharı"na qədər, Latın Amerikasındakı süni yolla gərginləşdirilən iğtişaşlardan Çində etnik qarşıdurma yaratmaq cəhdlərinədək, Afrikadan Şimali Avropaya uzanan böyük bir arealda vassal dayaqların bərpasınadək, - bütün bu qovğa və qarşıdurmaların xaotik şəkildə və kütlələrin etirazı kimi meydana çıxmasını iddia etmək ən gülünc sədəlövhlük olardı. Çünki dünyanı yönəltməyin ən müasir (və təəssüf ki, həm də effektiv) forması olan "idarə edilən xaos" rejimi əslində, "parçala, hökm sür" siyasətinin dəyişməzliyini təsdiq edir.
Məlum proseslər və bu proseslərin acı təzahürləri bir mövzu kimi indi dünyada əsas araşdırma istiqamətinə çevrilib. Müxtəlif "beyin mərkəzləri", nüfuzlu ekspertlər, siyasi xadimlər bu siyasi trendin təsir cazibəsindədirlər. Təəssüf ki, bu olayların - dünyanın geosiyasi mənzərəsinin məlum gücün maraqları kontekstində zorakı vasitələrlə müəyyənləşdirilməsi prosesinin tədqiqi və şərhi də çox vaxt birtərəfli aparılır. Qərb ekspetləri bu hadisələri "xalqların etirazı, üsyanı" kimi təqdim etməyə və mənsub olduqları dövlətlərin, siyasi güclərin bu prosesdə iştirakını "demokratik təşəbbüslərə dəstək" formatında yozmağa çalışsalar da, reallıq tam əksini sübut edir.
Bu reallığın əslində, nədən ibarət olduğunu aydınlaşdıran, birqütblü dünyaya zorakı keçidin mahiyyətini aydın göstərən azsaylı araşdırmaların fonunda akademik Ramiz Mehdiyevin "İkili standartların dünya nizamı və müasir Azərbaycan" adlı tədqiqat əsəri öz fundamentallığı, əsaslı nəzəri müddəaları ilə və irəli sürülən yeni siyasi yanaşmalarla xüsusilə seçilir, fərqlənir.
Əvvələcədən bir məqamı qeyd edək ki, bu mövzuda yazılan çoxsaylı xarici araşdırmalarla, habelə mövzu ilə bağlı fərqli təhlillərlə tanışıq. Hörmətli Ramiz müəllimin son məqaləsinin əlahiddəliyi isə ondadır ki, o, tədqiqat predmeti kimi bu problemə yalnız öz ölkəsinin prizmasından baxmır. Onu qlobal miqyasda təhlil edir, dövlətlərin müstəqilliyinə yönəlmiş təhdidlərin yaranma səbəblərini və onların müasir dövrdəki təzahürlərini həm tarixin süzgəcindən keçirir, həm də çoxsaylı faktların timsalında müzakirə edir. Bu baxımdan, akademikin bu məqaləsini "Yeni Dünya Nizamının fəsadları", "ədalətsiz ikili standartların bəşəriyyətə bəxş etdiyi fəlakətlər", ən əsası isə "Böyük Orta Şərq layihəsi tərkibində cərəyan edən iqtisadi-siyasi-hərbi ziddiyyətlər" mövzusunda aparılmış ən mükəmməl tədqiqatlardan biri sayıla bilər.
Hesab edirik ki, "İkili standartların dünya nizamı və müasir Azərbaycan" məqaləsi, eyni zamanda, Azərbaycana yönəlmiş təhdidlərin zərərsizləşdirilməsi prosesini, daxili siyasi durumu, mövcud siyasi sistemin konfiqurasiyasını, ölkəmizin prioritet inkişaf istiqamətlərini təhlil etmək yönümündə də konseptual əhəmiyyətə malikdir.
Müstəqil siyasət yürüdən ölkələr dünyanın siyasi inhisarçısına çevrilən güclərin hədəfidir
Bu gün birmənalı şəkildə etiraf etmək lazımdır ki, son onillikdə baş verən "rəngli inqilablar" və "ərəb baharı" dalğalarının faciəvi təzahürləri, yəni, parçalanmış dövlətlər, böyük ərazi itkiləri, səfalət, siyasi böhran və digər bu kimi acı gerçəkliklər Qərbin məlum dövlətlərinin və iqtisadi-siyasi güclərinin fəaliyyətinin nəticələridir. "Demokratiya ixracı" adı altında əslində, bu bölgələr savaşa, iqtisadi tənəzzülə, siyasi konfrantasiyaya sürükləniblər. Bu dövlətlərə ixrac olunan isə demokratiya yox, onları siyasi vassala çevirən qaydalar olub. Psixoloji manipulyasiya yolu ilə aqressivləşən və qanuni hakimiyyətlərinə qarşı zorakılığa sövq edilən kütlələr sonda bu "inqilabların" qurbanına çevriliblər.
Dünyada baş verən innovativ yeniliklər, kosmosun fəthindən İKT-nin ağlagəlməz inkişafına qədər əldə edilən elmi kəşflər, bəşəriyyətin şüur və düşüncə tərzinin daha da rasionallaşması kontekstində siyasi münasibətlər sistemində heç bir mütərəqqi dəyişikliyin baş verməməsi böyük təəssüf doğurur. Dünyanı az qala quldarlıq dövrünün prinsipləri ilə təkbaşına idarə etmək məqsədi hələ ki XXI əsrin də siyasi reallığıdır. Müxtəlif qitələrdə yaşayan milyardlarla insanı bir neçə dövlətə mənsub milyonlarla insanın rifahına xidmət edən təbəqəyə çevirmək niyyəti dövrümüzün ən böyük ədalətsizliyidir. Planetin bütün təbii sərvətlərinə şəriksiz sahib olmaqla kifayətlənməyərək, hətta insan məskunlaşmayan Antraktidadan qalaktikayadək hər bir məkanı öz nüfuz dairəsində görən məlum güclərin bitməyən qovğaları yeni münaqişə ocaqlarının yaranmasının əsas səbəbidir.
Hazırkı proseslər göstərir ki, mövcud savaşlar və siyasi gərginliklər məhz planetin 200-ə yaxın dövlətinin məlum üç-dörd ölkənin və beş-altı meqaholdinqin iqtisadi-siyasi maraqları əsasında idarə olunması niyyətinin uğurla bitməsinə hesablanıb. Bu gün qloballaşan terror təhdidi də bu prosesin bir hissəsidir. Bu terror şəbəkələrinin hansı dövlətlərin, qüvvələrin təhriki ilə yaradılmasını və maddi yardımları, silahları ilə təmin edilməsini bilmək üçün elementar siyasi müşahidə qabiliyyətinə malik olmaq kifayətdir.
Hörmətli akademikimizin son məqaləsində də bu mətləblərin alt qatı açıqlanır, qaranlıq məsələlər aydınlığa qovuşur. Görkəmli alimimizin dərin araşdırmalarının nəticəsi olaraq oxucu anlayır ki, bu gün yaxın-uzaq dövlətlərin düşdüyü acınacaqlı durum dünyanı təkbaşına idarə etmək istəyən qüvvələrin artıq onilliklərdir apardığı təfriqəçiliyin nəticəsidir.
Akademik Ramiz Mehdiyevin "İkili standartların dünya nizamı və müasir Azərbaycan" əsərinin əsas leytmotivi bunlardır:
* müstəqil siyasət yürüdən ölkələr dünyanın siyasi inhisarçısına çevrilən güclərin hədəfidir;
* uzun müddətdir davam edən bu prosesin həyata keçirilməsi üçün çox güclü elmi-siyasi-iqtisadi-hərbi potensial səfərbər olunub və onlar hələ ki uğurla fəaliyyət göstərirlər;
* dünyanın təkbaşına idarə edilməsi prosesinə keçid sürəci "demokratiya" adı altında pərdələnsə də, məlum siyasi terrorizmin nəticəsi olaraq artıq demokratiya məfhumu öz həqiqi anlamını itirib və sırf imitasiya xarakteri daşıyır;
* yenidən bölüşdürülən dünyada onlar üçün müəyyənləşən rolla (oxu: vassalıqla) barışmayan ölkələr əvvəl-axır bu güclərin qurbanına çevrilərək, "inqilablar" mərhələsinə qədəm qoyur və nəticə etibarilə müstəqil dövlətçiliyini itirir;
* bu təsirlərə dirəniş göstərən və təhdidləri zərərsizləşdirməyə müvəffəq olan azsaylı ölkələrə (Azərbaycan da bu qrupa aiddir) qarşı isə qlobal miqyaslı diplomatik hücum, iqtisadi təcrid kampaniyası başlayır, daxili siyasi vəziyyəti gərginləşdirmək üçün "beşinci kolon" timsalında bütün qüvvələr fəallaşdırılır və hərbi müdaxilə üçün zəmin formalaşdırılır;
* lakin bütün bu proseslərin qarşısını ala bilmək qabiliyyətinə malik olan, xalqla birgə vahid qüvvəyə çevrilərək dövlətin mənafeyini və müstəqillyini sonadək qorumağı bacaran dövlətlər, hakimiyyətlər, siyasi liderlər var. Onların mövcudluğu və sıralarının genişlənməsinə yönələn fəaliyyətləri birqütblü dünyaya transformasiyanın qarşısında ən böyük maneədir və ümumiyyətlə, bu gedişatı pozmaq gücündədir;
* əsərin elmi və siyasi əsaslandırma gücü ondadır ki, oxucu bu araşdırma vasitəsilə hazırda dünyada gedən proseslərin mahiyyətini öyrəndikcə heç də pessimizmə qapılmır və məlum fövqəlgüclərə qarşı müqavimət göstərənləri məğlubiyyətə məhkum "Don Kixot" saymır. Əksinə, Azərbaycan dövlətinin və daha konkret deçək, Prezident İlham Əliyevin şəxsində müstəqilliyin necə məharətlə qorunub daha da güclənməsi prosesinin incəliklərini anlayır, dövləti idarə etmək məharətinin ən mükəmməl nümunəsinin Azərbaycanın liderinin timsalında formalaşmasını qürurla müşahidə edir.
"Soyuq müharibə" daha hərarətli mərhələyə qədəm qoyur
İkinci Dünya müharibəsinin yekunu olaraq təsis edilən Birləşmiş Millətlər Təşkilatının dünyada sülhü və əmin-amanlığı qorumalı olan qurumdan böyük dövlətlərin siyasi və geopolitik şıltaqlığını təmin edən orqana çevrilməsi müasir dövrün ən böyük paradokslarındandır. Təsadüfi deyil ki, indi bu qurum haqlı olaraq "Böyüklərin (oxu: güclülərin) mənafeyinin təşkilatı" adını alıb. BMT digər dövlətlərin maraqlarının ifadəçisi olmaq statusunu çoxdan itirib və fövqəlgücün yedəyində gedərək daim ikili standartlara əsaslanır. Biz bunu ümummilli problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesində daha aydın görürük.
Beynəlxalq münasibətlər sistemində dərin böhran yaşanır. Ölkələr zorən müharibələrə cəlb olunur, süni yollarla dövlətlərarası münasibətlər gərginləşdirilir, fövqəlgüclərin və beynəlxalq təşkilatların müstəqil dövlətlərin suveren hüquqlarına müdaxiləsi geniş miqyas alır. Ən acınacaqlı hal odur ki, öz daxilində insanların ən elementar hüquqlarını, söz azadlığını tapdalayan və demokratiyaya zidd addımlar atan məlum dövlətlər özlərini "demokratiya arbitrləri" kimi aparır, ikili standartların təcəssümü olaraq kimin "demokrat", kiminin "antidemokrat" olduğunu yalnız özlərinə məxsus meyarlarla "müəyyən" edirlər. Bu dövlətlərin maraqlarının ifadəçisi olan "beynəlxalq" təşkilatlar da hesabatlarını yalnız məlum mənafelər çərçivəsində hazırlayır, qərəzkarlıq nümayiş etdirirlər.
Bunun adi misalı Azərbaycanda və Ermənistanda keçirilən seçkilərdir. Əgər birincidə seçki prosesi bütün şəffaflıq prinsiplərinə, demokratik normalara uyğun baş tutsa da, ikincidə bu, prezidentliyə namizədə qarşı sui-qəsddən etirazçıların gülləbaran edilməsinə, total saxtakarlığa qədər kütləvi qanun pozuntuları ilə müşayiət olundu. Lakin bu iki fərqli seçki prosesinə münasibət də tam fərqli oldu. Azərbaycan qərəzli təftişlərin hədəfinə çevrildi, təcavüzkar dövlətdəki anti-demokratik poseslər isə görməzlikdən gəlindi. Bu bədnam yanaşma bu gün də davam edir. Ölkəmizdə casusluqdan korrupsiyaya qarşı bir çox dövləti cinayətlərdə təqsirli bilinən bir qrup avantüristi "siyasi məhbus" elan edib stəkanda fırtına yaratmağa çalışan məlum qüvvələr Ermənistanda sırf siyasi fəaliyyətinə görə təqib olunan, həbsə atılan həqiqi siyasi məhbusları, jurnalistləri və bağlanan KİV-ləri fakt saymırlar.
Akademik Ramiz Mehdiyev bu vəziyyəti təhlil edərkən, olduqca dəqiq diaqnoz qoyur: "Güclü Azərbaycan onlar üçün sanki boğazda qalan sümükdür. Ölkəmizin mürəkkəb geosiyasi məkanda yerləşməsinə baxmayaraq, müstəqil siyasət yeritməsi heç də hamının xoşuna gəlmir. Bizim uğurlarımıza sevinənlərlə yanaşı, Azərbaycanın əleyhdarları da var. Belələri arasında erməni lobbisi və onun təsiri altında olan riyakar və korrupsiyaya qurşanmış, o cümlədən amerikalı siyasətçilər xüsusi yer tutur. Belələri erməni lobbisinin pulu hesabına yaşadıqlarına görə həqiqəti israrla görməzliyə vurur və daim Azərbaycanı hörmətdən salmağa çalışırlar".
İkili standartlar yeni dünya nizamının əsas səciyyəvi cəhətinə çevrilib. Dövlətləri, xalqları "sortlara" bölmək, onlara bəzən dini yönümdən yanaşıb ya təcrid etmək, yaxud da təəssübkeşlik göstərmək, həmçinin siyasi müqavimət gücündən dəyərləndirib "zəifləri" daha da əzərək ram etmək, hələ duruş gətirənlərə isə "hərbi sürprizlərlə" dərs vermək - budur dövrümüzün siyasi gündəyinin əsas əlaməti. Belə olmasaydı, XXI əsrin ötən 14 ilində regional münaqişələrdə (onların sayı artmaqda davam edir) 1,2 milyon insan həlak olmazdı. Hazırda dünyanın 30 ölkəsində qanlı münaqişələr davam edir, hər gün onlarca insan həlak olur. Bu tipli münaqişələrin anatomiyasına nəzər saldıqda, yenə də, "soyuq müharibə" illərindəki dövrün geri qayıtması təəssüratı yaranır. Hesab edirəm ki, akademik Ramiz Mehdiyevin dəyərli məqaləsində bu məsələlərə aydınlıq gətirilməsi ilə yanaşı, bir çox vacib məqamlara - "Dünyanın düzəni niyə dəyişir?", "Münaqişələr və idarə olunan qanlı toqquşmalar kimə və ya kimlərə lazımdır?" suallarına elmi təhlil yolu ilə cavablar verilib.
Hər bir xalq, dövlət öz maraqlarını qorumağa çalışır. Lakin, məqalədə deyildiyi kimi, dünyanı öz maraqlarına uyğun olaraq qurmaq əsla ağlabatan deyildir. Dünyanı öz bildiyi kimi formalaşdırmaq istəyi əslində, Qərbin, xüsusən ABŞ-ın hərbi-sənaye və neft-qaz kompleksi ilə bağlı olan dairələrinin sifarişidir. Bu qruplara son məqsədə çatmaq üçün hər vasitə məqbuldur. Onlar yeri gələndə demokratiya və ya radikal din əbasına bürünərək məqsədlərinə nail olmağa çalışırlar. Kim olursa-olsun, istəyir "Samosa köpəyoğlu olsun, ancaq bizim köpəyoğlu olsun" prinsipindən uzaqlaşa bilmirlər.
Bu gün dünyanın siyasi nizamı ədalətsizlik üzərində bərqərar olub və bu, genişlənməkdə davam edir. Prosesin önündə isə özünü "demokratiyanın beşiyi" adlandıran, əslində isə "dünya jandarmı" kimi fəaliyyət göstərən ABŞ dayanır. Bu ölkənin özündən müştəbehliyi o həddə çatıb ki, onların siyasi və iqtisadi maraqları ilə hesablaşmayan ölkələrə ən gülünc bəhanələrlə müdaxilə edir, ən yaxşı halda isə rəsmi şəxsləri bütün diplomatik etiketi və inzibati ədəb-ərkanı unudaraq, müstəqil dövlətlərin suveren hüquqlarını ələ salır, liderlərinə böhtan atır, qlobal şər kampaniyasına rəvac verirlər. Bir daha xatırladıram ki, bu qarayaxmalarda canfəşanlığı QHT sektorunun təmsilçilərindən daha çox məhz bu dövlətin rəsmi şəxsləri edir. Hansı haqla, hansı statusla, hansı mənəvi məsuliyyətlə? Bu haqqı onlara kim verib? Görünən odur ki, bu adamlar və onların mənsub olduqları şəbəkə hələ də müstəmləkə təfəkküründən əl çəkməyiblər və bəzən ağızları köpüklənə-köpüklənə danışdıqları "səmərəli əməkdaşlıq və etibarlı tərəfdaşlıq" məsələsində də səmimi deyillər. Yalnız öz dividentlərini düşünən və istənilən halda münasibətləri tapdalamağa hazır olan tərəflə hansı səmimi əməkdaşlıq ola bilər ki?
Akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, ABŞ başqa dövlətlərin daxili işlərinə qarışmasını gizlətməyə heç cəhd də göstərmir. Ağ Ev birmənalı bəyan edir ki, bütün dünyada işləyən təşkilatlara, yəni, "beşinci kolon"lara Amerika dövləti, həmin ölkələrin qanunvericiliyinin pozulmasına baxmayaraq, açıq dəstək verəcək və bunu ABŞ-ın milli maraqlarının irəliləməsi xatirinə edəcəkdir. Amerika Birləşmiş Ştatları və onun müttəfiqləri tərəfindən radikal müxalifət fəallarının və QHT-lərin dəstəklənməsi, bu təşkilatların qeyri-qanuni maliyyələşdirilməsi onların köməyi ilə ölkəmizdə hakimiyyətə təzyiq göstərmək, hərc-mərclik və qanunsuzluq şəraiti yaratmaq cəhdləri ilə bağlıdır. Hörmətli akademikin bu fikirləri, zənnimcə, yalnız Azərbaycan vətəndaşlarının deyil, ümumiyyətlə, birqütblü dünyanın vətəndaşına çevrilmək istəməyən planetin müxtəlif bölgələrində hər bir insanının düşüncəsi, etirazıdır: "Əgər ABŞ öz milli maraqlarına dönmədən əməl edirsə, onda başqa ölkələr nəyə görə öz maraqlarını inkar etməli və ya anlaşılmaz, dağıntılara gətirib çıxara biləcək güzəştlərə getməlidirlər. ABŞ-da E.Sunouden barəsində qaldırılmış işi nəyə görə cinayət işi (amma siyasi motivləri olmayan iş) hesab edirlər? Halbuki o da guya əsl liberal kimi hərəkət edib - azadlığı təhlükəsizlikdən üstün tutub, bir sıra milli və beynəlxalq qanunların, normaların ABŞ tərəfindən pozulmasını dünyaya açıqlayıb. Eyni zamanda, ABŞ-dakı və Avropadakı beynəlxalq "qeyri-hökumət" təşkilatları nə üçün Leyla Yunus və Arif Yunus, həmçinin "beşinci kolon"un digər nümayəndələri barəsində cinayət işləri üzrə araşdırmaları siyasi motivli araşdırma hesab edirlər? Nəyə görə ABŞ hamıdan transparentlik tələb edir və korrupsiya ilə mübarizəyə çağırır? Halbuki onun dünyanın müxtəlif guşələrində yaratdığı QHT-lərin fəaliyyəti yetərincə korrupsiyalaşıb və ictimai nəzarət üçün açıq deyildir".
İnqilab Azərbaycanda niyə dalana dirəndi?
Azərbaycanı da "rəngli inqilablar" silsiləsinə calaq etmək planı artıq uzun müddətdir ki məlum fövqəlgüclərin aktuallığını itirməyən məqsədidir. Amma dalana dirəniblər: inqilab baş tutmur ki, tutmur və hər ötən gün onun baş tutacağına olan ümidləri daha da öldürür. Bunun konkret səbəbləri var.
* Əvvəla, Azərbaycanda inqilab 1993-cü ildə baş verib. Və bu inqilab nə narıncı, nə məxməri idi, nə bahar idi, nə də külək. Sırf xalq inqilabı! Bu inqilab heç də postsovet və ərəb ölkələrində olduğu kimi fövqəldövlətlərin iqtisadi ekspansiya niyyətləri və siyasi avantüraları əsasında baş tutmayıb, tam əksinə, məhz bu güclərin Azərbaycanı vassala çevirmək planına qarşı olub. Bu inqilabı xalq hazırlayıb, xalq həyata keçirib, bəhrəsini də xalq görüb, görür və daim də görəcək.
* İkincisi, inqilabın baş verməsi üçün nə sosial, nə siyasi, nə də başqa bir zəmin var. Xalqın güzəranı yüksəlir, dünya ölkələri maliyyə böhranı məngənəsində olduğu vaxt Azərbaycanın inkişaf göstəriciləri daha da artır. Bu gün iqtidara alternativ olacaq heç bir siyasi qüvvə yoxdur, xalqın mütləq əksəriyyətinin mövcud hakimiyyətə birmənalı inamı və etimadı var. Cəmiyyətdə demokratikləşmə və hüquqi dövlət quruculuğu uğurla gedir, ictimai ab-hava sabitdir, kəskin narazılıqlar, ziddiyyətlər yoxdur (baş verən siyasi qarşıdurmalar, konfrantasiyalar yalnız elə müxalifətdaxili proseslərdir). Xalqın ictimai şüur səviyyəsi, vətəndaşlıq duyğusu çox yüksəlib, o, dövlətinə və müstəqilliyinə tam sahib çıxmağı, onu qorumağı uğurla bacarır.
* Üçüncüsü, artıq qlobal məkanın nüfuzlu aktorlarından biri olan Azərbaycan bölgənin iqtisadi və siyasi istinad nöqtəsi kimi formalaşdığına, qitələri biri-birinə bağlayan mühüm layihələrin əsas "vintlərindən" olduğuna görə, bir sözlə, tədricən yeni güc mərkəzinə çevrildiyindən burada hansısa "inqilab" etmək o qədər də asan başa gələ bilməz.
Bu baxımdan, Azərbaycandakı "beşinci kolona" Qərbdən, daha çox isə ABŞ-dan ayrılan milyonlarla vəsait əslində, çölə tullanır. Eyni zamanda, bu proses siyasi korrupsiyanın göstəricisidir. Ölkədə heç bir elektoral gücə, siyasi təsir vasitəsinə, ictimai nüfuza malik olmayan radikal müxalif elementlərindən və QHT təmsilçilərindən təşkil olunan "beşinci kolon" birmənalı olaraq, antiazərbaycançı şəbəkənin inhisarındadır, onların sifarişlərini yerinə yetirir, fəaliyyətində dövlətin və xalqın maraqlarını qurban verməkdən çəkinmir.
Bu sahədə olan hüquqazidd fəaliyyəti dayandırmaq məqsədilə hakimiyyətin atdığı addımlar cəmiyyətdə təqdirlə qarşılanıb. Vətəndaş cəmiyyəti sektorunda durumu şəffaflaşdırmaq və onların inkişafına nail olmaq üçün həyata keçirilən tədbirlərin effektiv nəticələr verəcəyi şübhəsizdir. Artıq qanunvericilikdə müvafiq dəyişikliklər edilib, ən əsası isə "Qrantlar haqqında" Qanun qüvvəyə minib. QHT-lər üçün qrantlar ayrılmasının və onlardan hansı məqsədlər üçün istifadə olunmasının şəffaflığını təmin edəcək yeni prosedurlar həmçinin birbaşa milli təhlükəsizliyimizin təmini ilə bağlı olan məsələlərdəndir. Bu məsələyə niyə əlahiddə yanaşılması barədə suala ən müfəssəl cavabı öz araşdırmasında məhz akademik Ramiz Mehdiyev verib. Ramiz müəllim faktlara əsaslanaraq göstərir ki, xarici donorlar tərəfindən yaradılmış təşkilatlar demokratiyanın və vətəndaş cəmiyyətinin inkişafı naminə işləmir, onlar hökumətə təzyiq üçün əsas mexanizmlərdir və qrant verənlərin siyasi məqsədlərinin, iqtisadi maraqlarının reallaşdırılmasına xidmət edirlər. Həqiqətən də danılmazdır ki, xaricdən maliyyələşdirilən yerli QHT-lərin böyük əksəriyyəti demokratik ibarələrdən istifadə etməklə "beşinci kolon"lar rolunu yerinə yetirir, onların məqsədi ölkədə qeyri-sabitlik və ya kənardan idarə edilən hərc-mərclik yaratmaqdır.
Dini sahədəki "beşinci kolonlar" da iflasa uğrayıb
Azərbaycanın qərəzli təftişçiləri qismində çıxış edən dövlətlərin müəyyən sahələrdə əldə etməyə müvəffəq olmadığı nailiyyətlər var ki, ölkəmiz onların artıq uğurlu modelini yaradıb. Məsələn, multikulturalizm və tolerantlıq sahəsində ABŞ başda olmaqla Qərb dünyası Azərbaycandan çox şeyi öyrənməlidir və ölkələrində bu sahədə mövcud olan neqativ halların həllində istifadə etməlidir.
Bütün dinlərin təmsilçilərinin azad şəraitdə etiqadı üçün ən mükəmməl təminatın yaradılması, fərqli xalqların, mədəniyyətlərin öz mənəvi dəyərlərini yaşatmaları və təbliği üçün hər cür imkanların formalaşdırılması, respublikamızda heç bir vətəndaşın öz dini və milli mənsubiyyətinə görə təqib edilməməsi, əksinə, onun bütün hüquqlarının tam qorunması Azərbaycan xalqının və dövlətinin malik olduğu bəşəri dəyərlərin ucalığının göstəricisidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Azərbaycanda bütün xalqlar dostluq, mehribanlıq şəraitində, bir ailə kimi yaşayır. Heç vaxt Azərbaycanda dini, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmayıb və bu, bizim böyük sərvətimizdir...
Multikulturalizm Azərbaycanda həyat tərzidir..."
Təəssüf ki, artıq bütün dünyanı ağuşuna alan dini zəmində düşmənçilik dalğası da məhz yuxarıda geniş şəkildə danışdığımız yeni dünya düzəninin ikili standartlarının təzahürləri, birqütblü dünyaya transformasiyaının süni şəkildə ortaya atdığı avantüradır. Açıq etiraf etməliyik, Qərbin məlum dairələrinin "Böyük Orta Şərq layihəsi" deyilən planında radikal islamçı qrupları səhnəyə daha qabarıq çıxarmaq niyyəti aydın görünür. Onların hərbi hazırlığı, silahlandırılması, maliyyələşməsi və istiqamətləndirilməsi prosesində Qərb emissarlarının birbaşa iştirak etməsi barədə yüzlərlə fakt var.
Dünyadakı mövcud münaqişə ocaqları içərisində hazırda yalnız 12-si dini zəmində baş verən savaşlardır. Maraqlı məqam odur ki, həmin münaqişələr konfessiyalar arasında deyil, məhz islam dünyası daxilində baş verir, təriqətlərarası savaşa çevrilir. Qərbin bu son intriqası nəticəsində "Allahu əkbər" sədası ilə müsəlman müsəlmanı qətlə yetirir. Sünni şiənin məscidini partladır, şiə də sünnilərə eyni cavabı verir, vəhabilər isə hər ikisinin kəndlərini dağıdır. Yəni, bu təriqətlər məhz içlərinə salınmış şeytanın şərinə uyub, məlum şəbəkənin tələsinə düşür və bir-birlərinin qəniminə çevrilirlər. Beləliklə də, yüz minlərlə müsəlman öldürülür, əlil olur, milyonlarla müsəlman isə öz yurdundan didərgin düşür. Və ən dəhşətli məqam odur ki, bu münaqişələrdə qalib gələn heç vaxt nə islam, nə də hansısa təriqətdir, qalib islamı düşmən kimi görənlər və bu təxribatı həyata keçirən şəbəkədir! Acı gerçəklik odur ki, Xaç yürüşləri bu gün də davam edir, amma onu XXI əsrdə müsəlmanı müsəlmana qırdırmaqla həyata keçirirlər!
Bu prosesdə Qərbin strateji mərkəzləri, necə deyərlər, "bir güllə ilə iki dovşan" vururlar. Bir tərəfdən islam dini dünya ictimai rəyində gözdən salınır, digər tərəfdən "idarə olunan xaos" yolu ilə məqsədə nail olunur - ərəb dünyası, Yaxın Şərq qan çanağına çevrilir. Onsuz da ölənlər onlar üçün yadlardır - üzülməyə dəyməz, dağılanlar isə sonradan Qərb şirkətlərinə veriləcək vəsaitlə bərpa olunacaq. Amma ən böyük mənfəət Şimali Afrikadan Cənubi-Şərqi Asiyayadək böyük coğrafi arealın bütün təbii sərvətləri və insan resursları ilə Qərb dünyasının nəzarətinə keçməsidir.
Son aylarda Azərbaycanı demək olar ki, qarış-qarış gəzmişəm. Bölgələrdə müxtəlif dinlərə etiqad edən icmalarla görüşlər keçirmişəm. İslami təriqətlərin nümayəndələri ilə sıx əməkdaşlıq edirik. Onları dinləyirik, problemlərini öyrənirik, çətinliklərini həll edirik, normal fəaliyyət göstərmələri üçün şərait yaradırıq. Müşahidələrim onu deməyə əsas verir ki, həqiqətən də Azərbaycanda dini durumu gərginləşdirmək üçün kənar qüvvələrin təsiri hələ tam kəsilməyib. Bu cəhdlər var. Azərbaycanda da icmalar arasında süni yollarla gərginlik yaratmağa, Yaxın Şərqdəki vəziyyəti ölkəmizə ixrac etməyə məlum şəbəkə tərəfindən təşəbbüslər göstərilir, buna böyük vəsaitlər ayrılır. Ancaq bütün bu cəhdlər uğursuzluğa düçar olur.
Əvvəla, ona görə ki, Azərbaycanda düzgün dini siyasət həyata keçirilir. Dövlətlə ruhani kəsim arasında qarşılıqlı anlaşma və etimad mühiti bərqərar olub. Hər bir konfessiya, dini icma daşıdığı hüquqi, mənəvi öhdəliyini dərk edir və buna əməl edir. Digər tərəfdən, aparılan düzgün maarifləndirmə işi dini icmalar arasında yarana biləcək hər hansı bir anlaşılmazlığı aradan qaldırır. Vurğulamağı zəruri saydığım bir məsələ də budur ki, dini icmalarla birgə əməkdaşlığımız nəticəsində bu sahədə mövcud olan "beşinci kolonlar"ı da iflasa uğrada bilmişik. Eyni zamanda, Azərbaycanda dini zəmində hansısa ixtilaf yaratmaq cəhdinin qarşısını almaq gücündə olan mükəmməl hüquq-mühafizə sistemi var.
Bu baxımdan, tam əminliklə deyə bilərəm ki, Azərbaycanda siyasi yönümdə gərginlik yarada bilməyən məlum anti-azərbaycançı şəbəkə dini yönümdə də arzuladığı və planladığı təfriqələri həyata keçirə bilməyəcək.
Azərbaycan Avrasiya məkanında ümumi təhlükəsizliyin qarantıdır
Azərbaycan artıq dünyada iqtisadi inkişafın özünəməxsus modelinə sahib olan ölkə kimi tanınır və qəbul edilir. Postsovet məkanında keçid dövrünü uğurla başa vuran ilk dövlət kimi əldə edilən nailiyyət göstəriciləri düşünülmüş, məqsədyönlü styasətin nəticələridir. Bunlar həm də Prezident İlham Əliyevin rəhbərliyi altında son 11 il ərzində Azərbaycanda həyata keçirilən siyasətin düzgünlüyünün real isbatı və daha sürətli inkişafın zəminidir. Ulu öndər Heydər Əliyevin müstəqil dövlətimizin xarici siyasət xəttini özündə ehtiva edən bitkin taktiki və strateji konsepsiyası vardır. Məhz bu konsepsiya əsasında bu gün Prezidentimiz İlham Əliyev praqmatik və hücum diplomatiyasına söykənən siyasəti uğurla həyata keçirir.
Azərbaycanın postsənaye cəmiyyətinin quruculuğu yolunda əldə etdiyi ilkin nailiyyətlər, yeni qlobal çağırışlara adekvat olaraq həyata keçirilən islahatlar, hərbi potensialın gücləndlirilməsi, iqtisadi modernləşmə mərhələsinin uğurları ölkəmizin qarşıdakı illərdə də yüksəlişinin və inkişafının davamlı olacağını təmin edir. Bu gün respublikamız, akademik Ramiz Mehdiyev də qeyd etdiyi kimi, təkcə Avropanın enerji təhlükəsizliyinin deyil, həm də böyük Avrasiya məkanında ümumi təhlükəsizliyin qarantıdır.
Şübhəsiz ki, bu nailiyyətlərdən söhbət açarkən ilk nöbvbədə, ulu öndər Heydər Əliyevin fəaliyyətini və bu gün də özünü doğruldan, daim istinad edilən irsini qeyd etməliyik. Mövcud mürəkkəb geosiyasi durumda bu uğurları daha da genişləndirmək və tarixin ən möhtəşəm Azərbaycanını qurmaq kimi çətin, şərəfli vəzifəyə nail olmaq möhtərəm Prezidentimiz İlham Əliyevin həqiqətən də görkəmli dövlət xadimi və qüdrətli lider olduğuna əyani sübutdur.
Dövləti idarə etmək yəqin ki, siyasi bir şansdır və bu fürsətə təsadüfi adamlar da yiyələnə bilər. Ən azından elə ölkəmizin siyasi tarixi bunu göstərir. Amma dövləti layiqincə idarə etmək məharətinə sahib olmaq, bu fəaliyyəti yalnız millətin və dövlətin maraqlarının ödənməsinə yönəltmək, siyasi sələflərdən miras olaraq əldə olunan dövlətçilik potensialını dəfələrlə artırmaq kimi xüsusiyyətlər isə yalnız həqiqi liderlərə xasdır. Buna görə də tam əminliklə söyləmək olar ki, bu gün Prezident İlham Əliyevin şəxsiyyəti Azərbaycanla bərabər yüksəlir və dünya miqyasında nüfuz qazanır. Beləliklə də öz tərcümeyi-halını Azərbaycanın inkişaf və quruculuq tarixinə həkk etdirir.
"Zamanın çağırışları" anlayışı bu gün daha aktualdır. Bu çağırışlar siyasi, iqtisadi, sosial, mədəni və digər sahələri əhatə edir. Kürəsəlləşən dünyamızda zamanın çağırışlarına dəqiq və elmi təhlillə cavab vermədən perspektiv vəzifələri və planları reallaşdırmaq asan deyil. Akademik Ramiz Mehdiyevin "İkili standartların dünya nizamı və müasir Azərbaycan" məqaləsinin əsas məziyyətlərindən biri də məhz bu tələblərin yüksək səviyyədə ödənməsidir.
Bu əsərdən doğan ən böyük həqiqət isə budur: Heydər Əliyevin şah əsəri olan və Prezident İlham Əliyevin daha da inkişaf etdirdiyi müstəqil Azərbaycan dünya nizamının hər cür ikili standartlarına, ədalətsizliklərinə duruş gətirməyi bacarır və bu mübarizədə qalibdir.
Mübariz QURBANLI,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini
“Azərbaycan” qəzeti