ABŞ Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasına və iki ölkə arasında danışıqlara sadiqdir.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.
“Hesab edirik ki, birbaşa dialoq məsələlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır. Yeri gəlmişkən, hər iki ölkə həmin sabit sülhə can atdıqlarını bəyan ediblər. Beləliklə, qarşıdakı aylarda Ermənistan və Azərbaycan arasında ikitərəfli və tərəfdaşlarla, eləcə də müxtəlif təşkilatlar vasitəsilə davam edən danışıqların asanlaşdırılmasında iştiraka davam edəcəyik”, - ABŞ rəsmisi bildirib.
“ABŞ dövlət katibi ilə iki ölkənin xarici işlər nazirləri arasında telefon danışığı və ya görüş keçirilə bilərmi” sualına Prays belə cavab verib:
“Düşünürəm ki, hər şey gündəmdədir. Ermənistanla Azərbaycan arasında davamlı sülhün bərqərar olması üçün ən faydalı hesab etdiyimizi edəcəyik”.