İranın Azərbaycan əleyhinə son addımları və Ermənistana yönəlik müsbət bəyanatlar verməsi ilə iki ölkə arasında gərginlik artmaqda davam edir. Ötən gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin İran sərhəddində təlimə başlayarkən, Təbrizdə kütləvi nümayişlər böyüyür. Şəhərdə keçirilən nümayişlərdə “Azadlıq, Ədalət və Milli Hökumət” şüarları səsləndirilir.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti yazır.
Nəşr qeyd edir ki, İranın anti-Azərbaycan fəaliyyətləri iki ölkə arasında artan gərginliyin və Güney Azərbaycanda etiraz nümayişlərinin miqyasının genişlənməsinin əsas istinad nöqtəsidir:
“İranın Azərbaycanla bağlı son bəyanatları və Azərbaycan sərhədində keçirdiyi hərbi təlimlərlə bağlı iki ölkə arasında gərginlik artır.
Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) bu günlərdə İran xüsusi xidmət orqanları tərəfindən təxribata hazırlaşdırılan və təlim keçmiş qruplaşmanın aşkar olunaraq, ifşa edildiyini açıqlayıb. Həbs edilən 19 nəfər barəsində istintaq başladılıb.
Bu gəlişmənin ardınca Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri (XTQ) İran sərhədində təlimlərə başlayıb. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, XTQ-nin komandanı general-leytenant Hikmət Mirzəyevin rəhbərliyi ilə keçirilən təlimlərdə xüsusi təyinatlı qüvvələr ölkənin cənub sərhədinə yaxın rayonlara göndərilib.
İki ölkə arasında gərginlik artdıqca, Təbrizdəki etiraz nümayişlərinin miqyası da böyüyür. Şəhərdə keçirilən nümayişlərdə “Azadlıq, Ədalət və Milli Hökumət” şüarları səsləndirilir”.