Türkiyə və RF Rusiya qazı ilə bağlı endirim məsələsi üzrə razılığa gəlməyiblər.
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib.
Onun sözlərinə görə, Ankara ilin sonunadək ölkəyə tədarük edilən Rusiya qazına görə 15 faizlik endirim əldə etmək niyyətindədir.
Qeyd edək ki, dekabrın 3-də T.Yıldız bəyan etmişdi ki, Türkiyə Rusiya qazına görə qiymətin azaldılması üçün Moskva ilə dialoqu davam etdirir.
Nazir qeyd edib ki, Rusiyanın Ankaraya təklif etdiyi qazın qiyməti yekun qiymət deyil. O, həmçinin ümid etdiyini bildirmişdi ki, tərəflər tezliklə Türkiyəyə tədarük edilən Rusiya qazının qiymətini müzakirə edəcəklər.
Rusiya Türkiyəyə təbii qazın əsas tədarükçüsüdür. Ötən il Türkiyəyə 26,7 milyard kubmetr Rusiya qazı tədarük edilmişdi. Bu il həcmin 30 milyard kubmetrə çatdırılması planlaşdırılır.