13 Dekabr 2022 11:10
6 610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Azərbaycanın ötən həftə keçirdiyi birgə “Qardaş Yumruğu” təlimlərinin bir sıra bölgə ölkələrində yaratdığı əks-səda susmaq bilmir. Azərbaycanda keçirilən hərbi təlimlər təkcə Ermənistanı deyil, İran və Yunanıstanı da narahat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Star” qəzeti yazır.

Fars və yunan nəşrləri iki qardaş ölkənin əsas hədəfinin kiçik Ermənistan yox, Yunanıstan və İran olduğunu iddia edirlər. Hər iki ölkənin mediası belə təlimlər üçün Ermənistanın çox kiçik olduğuna diqqət çəkirlər.

Yunan mətbuatı Türkiyə-Azərbaycan Silahlı Qüvvələrinin Yunanıstanla müharibəyə hazırlaşdığını iddia edir. Yunan mediasına görə, “Qardaş Yumruğu” təlimində məşq edilən çay keçid əməliyyatının Yunanıstanla Türkiyə arasında yerləşən Meriç çayını keçmək üçün hazırlıq ola bilər. Yunan mediası daha irəli gedərək, Azərbaycan ordusunun Türkiyənin Yunanıstanın Egey dənizindəki adalarına qarşı planlaşdırdığı mümkün hərbi əməliyyatlara qatıla biləcəyi iddiasını gündəmə gətirib.

Türkiyə-Yunanıstan gərginliyinin pik həddə olduğu vurğulanan xəbərlərdə iki qardaş ölkənin təlimlərinin bu atmosferə uyğun olaraq, davam etdiriləcəyi bildirilib.

“Qardaş Yumruğu” İran mediasını da silkələyib. Molla rejiminə məxsus nəşrlər Türkiyə-Azərbaycan təlimlərinin “İran İslam İnqilabı Keşikçiləri Korpusu”na (SEPAH) mesaj olduğunu iddia edirlər.

İranda “Qardaş Yumruğu”ndan təşviş keçirdiklərini etiraf edənlər də var. Molla rejimi bu təlimi SEPAH-ın oktyabrda Azərbaycan sərhədində keçirdiyi təlimə “cavab” kimi qiymətləndirir.

Təlimin iki ordu arasında koordinasiyanı yaxşılaşdırmaq məqsədi daşıdığını bildirən Tehran mediası “Qardaş Yumruğu”nun taktiki hədəfinin İranın bundan əvvəl keçirilən manevrlərinin birbaşa əksi olduğunu qeyd edir.

Xəbərlərdə Türkiyənin təlimlər üçün Azərbaycana göndərdiyi F-16 döyüş təyyarələrinə diqqət çəkilir. Bu barədə ölkə mətbuatına danışan iranlı Cənubi Qafqaz üzrə ekspert Salar Saif əd-Din bildirib.

“Azərbaycan bu təlimlərlə regionda əsas təhlükəsizlik narahatlığının və düşməninin Ermənistan deyil, İran olduğunu göstərir”, - Din vurğulayıb.

Noyabrın 20-də başlayan “Qardaş Yumruğu” birgə təlimi ilə iki ölkənin silahlı qüvvələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi məqsədi daşıyıb. Təlimdə Türkiyə və Azərbaycanın bütün qoşun növləri iştirak edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər