“Türkiyə seysmoloji bölgədir. Orada tez-tez zəlzələlər baş verir. Təbii ki, fevralın 6-da baş verən zəlzələ çox dəhşətli, güclü və dağıdıcı oldu. Dağıntılar çoxdur, hər keçən dəqiqə insan tələfatı artır”.
Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.
O bildirib ki, Türkiyədə baş verən zəlzələnin Azərbaycana heç bir təsiri ola bilməz:
“Həm seysmotektonik, həm geoloji quruluş cəhətdən zəlzələ ölkəmizdən çox uzaqdır. Bu baxımdan Azərbaycanda olan ocaqları oyada bilməz. Azərbaycanın özündə də xırda təkanlar var. Yaxın günlər üçün də katostrafik zəlzələnin olma ehtimalı yoxdur”.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub. Ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.
İlkin məlumata görə, 76 nəfər həyatını itirib, 450-yə yaxın insan yaralanıb, 16 bina dağılıb.