“Şarl Mişel Makronun iştirakı tələbinin Brüsselin vasitəçiliyinə son qoyacağını və bundan Rusiyanın istifadə edəcəyini anladığından üçlü görüş modelinə qayıdıb”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Azərbaycan-Ermənistan dialoqunda Brüssel prosesinin yenidən başladığını bildirib:
“Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşdü. Bundan əvvəl Klaar İrəvanda Baş nazir Nikol Paşinyanla bir araya gəlmişdi. Klaar İrəvan və Bakıya xüsusi missiya ilə gəlib.
Avropa İttifaqının rəhbəri Şarl Mişel Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə növbəti görüşünü təşkil etmək istəyir və nümayəndəsini ona görə bölgəyə göndərib. Liderlərin görüş tarixi müəyyənləşdirilməlidir. Rəsmi Bakının yeganə şərti görüşün üçlü formatda keçirilməsi, Fransa Prezidenti Emmanuel Makronun müzakirələrə qatılmamasıdır.
Əslində Brüsselin vasitəçiliyi ilə liderlərin beşinci görüşü ötən ilin dekabrında olmalıydı. Paşinyan “görüşdə Makron da iştirak etməlidir” tələbini səsləndirdikdən və Mişel buna səssiz qaldıqdan sonra İlham Əliyev görüşdən imtina etdi.
Şarl Mişel Makronun iştirakı tələbinin Brüsselin vasitəçiliyinə son qoyacağını və bundan Rusiyanın istifadə edəcəyini anladığından üçlü görüş modelinə qayıdıb. Şarl Mişel böyük ehtimalla buna Paşinyanı da razı salıb, əks halda görüş yenə baş tutmayacaq”.