18 Mart 2023 17:04
7 628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya tərəfi Zəngəzur dəhlizini Şimal-Cənub layihəsinin tərkib hissəsi hesab edir və bu hissədə işlərin icrasındakı gecikmələr Moskvanı sevindirə bilməz.

Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.

Ekspert bölgədəki son geosiyasi gəlişmələrə diqqət çəkib:

“Martın 16-da Rusiyanın təşəbbüsü ilə prezidentlər Vladimir Putin və İlham Əliyev arasında baş tutan telefon danışığında son hadisələr, eləcə də Laçın yolunda yaranan gərginlik diqqət mərkəzində olub. Danışıqların yekunlarına dair rəsmi açıqlamaya əsasən, tərəflər regionda nəqliyyat, logistika və iqtisadi əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.

Bu mövzu çərçivəsində xüsusi olaraq müzakirə edilənlərə sonrakı hadisələr müəyyən aydınlıq gətirdi. Ertəsi gün Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının (RSPP) qurultayında çıxış edən Rusiya lideri bildirib ki, region ölkələri arasında geosiyasi uyğunlaşmanın və ziddiyyətlərin mürəkkəbliyinə baxmayaraq, qonşularımızın hamısı bu marşrutun (Dağıstan - Azərbaycan - İran) çəkilməsinin zəruriliyi ilə razılaşır.

Həmin gün Rusiya və Azərbaycan baş nazirlərinin müavinləri Aleksey Overçuk və Şahin Mustafayevin iştirakı ilə iki ölkə sərhədində yenidən qurulan “Xanoba” gömrük-keçid məntəqəsinin açılış mərasimi keçirilib.

Məlum olduğu kimi, Rusiya tərəfi Zəngəzur dəhlizini Şimal-Cənub layihəsinin tərkib hissəsi hesab edir və bu hissədə işlərin icrasındakı gecikmələr Moskvanı sevindirə bilməz.

Hələ ötən il noyabrın sonunda Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında dəmir yolunun bərpası üçün Rusiyadan gələn bəzi siqnallardan danışmışdı. Amma sonradan erməni tərəfi Laçın yolundakı gərginliyi bəhanə edərək, bu istiqamətdə danışıqları dayandırıb”.


Müəllif: Mənsur Rəğbətoğlu