“Laçın dəhlizi ilə bağlı növbəti gəlişmə marşrutun dəyişdirilməsi məsələsidir”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında deyib.
Onun sözlərinə görə, Laçın dəhlizinə alternativ yol (Ermənistan tərəfində) yeni xəttin işə salınması bu ilin aprelin 1-dək təxirə salınmışdı.
“Əldə edilən razılaşmaya əsasən, bu marşrut 2023-cü il aprelin 1-dək hazır olmalı idi. Dünən Azərbaycan tərəfinə bildirdik ki, razılaşmaya əsasən, Kornidzor körpüsündən sonra yol Ermənistan ərazisindən keçməklə davam edəcək və Ermənistanın sərhəd qoşunları həmin ərazidə Ermənistan dövlət sərhədinin mühafizəsini öz üzərinə götürəcək. Xüsusilə qeyd etmək istərdim ki, sərhəd qoşunları indiyədək Müdafiə Nazirliyinin bölmələrinin yerləşdiyi Ermənistan dövlət sərhədinin həmin mövqelərində yerləşdiriləcək”, - Paşinyan bildirib.
Ermənistan baş naziri əlavə edib:
“Sözügedən ərazini əvvəlkindən fərqli olaraq, sərhəd qoşunları vasitəsilə qorumaq niyyətindəyik. Başqa sözlə, baş verən dəyişiklik belədir: Müdafiə Nazirliyinin bölmələri dövlət sərhədi boyunca həmin mövqelərdən geri çəkiləcək, onların yerinə isə sərhəd qoşunları yerləşdiriləcək”.