“Azərbaycan və Ermənistan arasında Vaşinqtonda davam edən danışıqlar müsbət nəticə verməlidir. ABŞ həftə boyu davam edən prosesin fiaskoya uğramasına qəti razı ola bilməz”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyan sülh müqaviləsi ilə bağlı ABŞ-ın təkliflərini qəbul edib:
“Paşinyan prosesi pozsa, Vaşinqtondan aldığı dəstəkdən məhrum olacaq. İndi Azərbaycan-Ermənistan münasibətlərin qurulması ABŞ-ın Cənubi Qafqaz siyasətində prioritetdir.
Ötən gün Rusiya prezidentinin sözçüsü Peskov Vaşinqtonun vasitəçiliyinə qarşı olduqlarını bəyan etməklə, Kremldəki ciddi narahatlığı dilə gətirdi. Kreml bununla təkcə ABŞ-ın vasitəçiliyi ilə yox, ümumiyyətlə, Azərbaycan və Ermənistan arasında sülh istəmədiyini etiraf edir.
Deyə bilərik ki, Cənubi Qafqaz uğrunda ABŞ-Rusiya rəqabəti yeni mərhələyə keçir. Amma beynəlxalq mövqeləri zəifləyən və bu fonda bölgədəki nüfuzunu sürətlə itirən Rusiyanın sülh müqaviləsinin bağlanmasına mane olacağı mümkün deyil. Kreml prosesi pozmaq üçün Ermənistan vasitəsilə təxribatlara əl ata bilər, amma bunu tam dayandıra biləcək rıçaqlarını itirib.
Ukrayna ordusunun gözlənilən əks-hücumu da Rusiya rəhbərliyinin diqqətini buradan yayındırır. İndi əsas diqqəti Ukraynaya yönəldib. Eyni zamanda, Azərbaycan Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qoymaqla Moskvanın Qarabağdakı oyunlarının da qarşısını böyük ölçüdə alıb. Üstəgəl, Paşinyan da Rusiyanın vasitəçiliyinə qarşıdır”.
Məhəmməd Əsədullazadə qeyd edib ki, Moskva prosesi pozmaq üçün cəhdlər edəcək, amma nəticəsiz olacağı şübhəsizdir:
“Rusiya hesab edir ki, vasitəçi özü olmalıdır. Amma ötən iki il ərzində ancaq vəziyyəti gərginləşdirib. Moskva bundan sonra sülhdə maraqlı olmayacaq. İndiki məqamda isə gözlədiyimiz müsbət xəbərlər ABŞ-ın paytaxtında gələ bilər. Hesab edirəm ki, ABŞ vasitəçiliyini uğurla davam etdirsə, yaxın zamanlarda sülh müqaviləsinin bağlanması real olacaq”.