4 May 2023 17:57
1 307
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, mayın 2-də Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi “Məşədi Dadaş” məscidinə imam təyin edib.

Maraqlıdır, Hacı Şahin Həsənlini əvəz edən şəxs hansı kriteriyalarla seçilib və ümumiyyətlə, imam təyinatında hansı göstəricilər nəzərə alınır?

Narahatlığın kökündə Hacı Şahinin ətrafında olan insanların məsciddən getməsi ilə bağlı xəbərlər durur. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hesab edirmi ki, yeni imam Hacı Şahin tərəfdarlarını və digər dindarları öz ətrafında toplamağı bacaracaq?

Dövlət Komitəsi Teleqraf.com-un sorğusunu cavablayıb.

Komitədən bildirilib ki, “Məşədi Dadaş” məscidinə təyin olunan imam Əli Şərbətov Bakı İslam Universitetinin müəllimi olub. O, indiyədək müxtəlif məscidlərdə din xadimi kimi fəaliyyət göstərib: “Eyni zamanda, Dövlət Komitəsinin din xadimlərinin təyinatı ilə bağlı ötən il keçirdiyi müsahibədə iştirak edərək yüksək bal toplayıb və Abşeron rayonu, Ceyranbatan qəsəbəsi “Hüseyniyyə” məscidinə imam təyin edilib. Onun yüksək dini təhsili və təcrübəsi nəzərə alınaraq, imam kimi “Məşədi Dadaş” məscidinə rotasiyası həyata keçirilib.

Qeyd etmək istəyirik ki, "Dini etiqad azadlığı haqqında” Azərbaycan Qanununa edilmiş dəyişikliyin 8-ci maddəsinə əsasən din xadimlərinin təyinatı və attestasiyası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətləri sırasına daxil edilib. Qanunun bu tələbindən irəli gələn məsələlərin icrası məqsədilə “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” təsdiq olunub və Ədliyyə Nazirliyi tərəfindən Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

Qaydalara uyğun olaraq din xadimlərinin təyinatı və attestasiyası üçün müsahibə proqramı tərtib edilib, Müsahibə və Attestasiya komissiyaları formalaşdırılıb.

Sözügedən Qaydaya əsasən İslam dininə aid ibadət yerləri (məscidlər) üzrə vakant vəzifələr elan olunub və müsahibələr keçirilib. Müsahibələrdə uğur qazanan namizədlər Dövlət Komitəsi sədrinin əmri ilə müvafiq vəzifələrə təyinat alıblar.

“Dini etiqad azadlığı haqqında” Qanunun tələbləri məscidlərə din xadimlərinin təyinatı üçün başlıca kriteriya hesab edilir. Dini təhsilin olması əsas şərt olaraq göstərilir. İmam təyinatı zamanı təhsillə yanaşı, təcrübə və müəyyən stajın olması da lazımdır”.

Dövlət Komitəsi əmindir ki, “Məşədi Dadaş” məscidinə imam təyin olunan Əli Şərbətovun öz vəzifəsinin öhdəsindən layiqincə gələcək: “Əli Şərbətovu tanıyanlar və din xadimi kimi fəaliyyətinə bələd olanlar da bu təyinatın uğurlu olduğunu dəfələrlə vurğulayıblar.

“Məşədi Dadaş” məscidi ölkəmizdə fəaliyyət göstərən yüzlərlə məsciddən biridir və məscidin qapısı ora ibadətə gəlmək istəyən hər kəsin üzünə açıqdır. İnsanlarımız dini ibadətlərini fəaliyyət göstərən bütün məscidlərdə sərbəst şəkildə həyata keçirə bilərlər.

Şərbətov Əli Bayram oğlu 1972-ci il sentyabrın 28-də Cəlilabad rayonu Qarazəncir kəndində anadan olub. 1990-1995-ci illərdə Bakı İslam Universitetində təhsil alıb.

2000-2020-ci illərdə Bakı İslam Universitetində müəllim işləyib. 2017-2019-cu illərdə Abşeron rayonu Saray qəsəbə məscidində dini ayinlərin icraçısı, 2019-2022-ci illərdə Abşeron rayonu Saray qəsəbə məscidində imam, 2022-ci ildən Abşeron rayonu Ceyranbatan qəsəbə “Hüseyniyyə” məscidində imam vəzifələrində çalışıb. Ərəb və rus dillərini bilir”.


Müəllif: Yeganə Oqtayqızı