Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin üzvü Ceyhun Məmmədov mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin əvəzinə təyinatın İlahiyyat İnstitutunun məzunlarından birinin olma ehtimalını dəyərləndirib.
Deputat hazırda Azərbaycanda daha çox tanınan şəxsin həmin məscidə təyinatını daha məqsədəuyğun hesab edir: "Hacı Şahin Həsənli kifayət qədər populyar adam idi. Ətrafına xeyli insanı yığa bilmişdi. Biz ora elə birini təyin etməliyik ki, həmin icma üzvləri və tərəfdarlar oradan uzaqlaşmasınlar. Yəni biz bunun üzərində daha çox işləməliyik".
Teleqraf.com-un sorğusunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi cavablayıb.
Qurumdan bildirilib ki, mərhum Hacı Şahin Həsənlinin vəfatından sonra yeni imam təyinatına qədər məsciddə dini ayinləri Azərbaycan İlahiyyat İnstitutunun sonuncu kurs tələbəsi Elmir Vəliyev icra edib: “Bu məsələ “Məşədi Dadaş” məscidinin icması ilə də müzakirə olunub. May ayının 2-də Əli Şərbətov sözügedən məscidə imam təyin edilib. Eyni zamanda Elmir Vəliyev hazırda məsciddə fəaliyyətini davam etdirir. Təhsilini başa vurduqdan sonra İslam dininə aid ibadət yerləri (məscidlər) üzrə vakant vəzifələr üçün nəzərdə tutulan müsahibədə müvəffəqiyyət qazanacağı təqdirdə əmrlə fəaliyyəti rəsmiləşdiriləcəkdir.
Gələcəkdə “Məşədi Dadaş” məscidinə yenə əlavə təyinatlar olacaq. O cümlədən, məscidə qadın dini ayinlərinin icraçısı da təyin ediləcək”.