“Mayın 25-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli görüşü ilə bağlı proqram pozulub və qısa çəkən müzakirələrdən sonra heç bir sənəd imzalanmayıb. Amma “Kommersant” qəzeti diplomatik mənbələrə istinadla ən azı iki - üçtərəfli bəyanat və kommunikasiya xətlərinin açılmasına dair sənədlərin imzalanacağını bildirmişdi.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
Erməni nəşri cəmi 20 dəqiqə çəkən görüşün Ermənistanın gözləntilərini doğrultmadığını bildirir. Qəzet qeyd edib ki, Baş nazir Nikol Paşinyan Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı açıqlamasına etiraz etsə də, Azərbaycan prezidenti Laçın yolundakı sərhəd-buraxılış məntəqəsindən danışanda o susub. Əliyev Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını da xatırladıb.
Erməni ekspertlərin fikrincə, Rusiya bu görüşlə ancaq üzünü xilas etməyə çalışıb, eyni zamanda, razılaşmaların Qərb platformasında olacağı açıq formada görünüb. “Hraparak” bu kontekstdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dördgünlük Vaşinqton müzakirələrini xatırladıb. Bunun ardınca Brüsseldə liderlər səviyyəsində görüş olub. Həmin görüşdən sonra Avropa Şurasının prezidenti Şarl Mişel tərəflərin qarşılıqlı ərazi bütövlüyünü tanımaq barədə razılığa gəldiklərini açıqlayıb.
Növbəti görüş beştərəfli formatda Kişinyovda keçiriləcək. Şarl Mişellə yanaşı, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şolz da Əliyev-Paşinyan görüşündə iştirak edəcək.
Erməni nəşri sülh müqaviləsinin Kişinyov görüşündə imzalanacağına inanmasa da, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın son açıqlamasına diqqət çəkib. Abdullayeva dünənki açıqlamasında iyunun 1-də Kişinyovda sülh sazişinin imzalaya biləcəyini deyib.