Nəbi Soytürk: " Həmin hadisələr zamanı Arazın şimalına keçmişəm"
Artıq 23 ildir hər ilin son günü - dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunur. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü ilə ali məclis dünya azərbaycanlılarının birliyinə nail olmaq məqsədilə dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə qərar qəbul edib.
Həmin günün əsası 1989-cu il dekabrın 31-də Naxçıvanda SSRİ-İran dövlət sərhədlərin dağıdılması ilə qoyulub. Bu il Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası hesab olunan hadisənin - Naxçıvanda SSRİ-İran sərhədinin sökülməsinin 25 ili tamam oldu. Əslində isə həmin gün SSRİ və İran arasında dövlət sərhədi deyil, Güney və Quzey Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdılıb. SSRİ-nin son günləri, Azərbaycan xalqının Arazın hər iki sahilində sərhəd yürüşləri, dəmir tikanlı məftilləri qırması, özünü suya vurub öz doğma qardaş-bacısına qovuşmaları, iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı-bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı, azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırıb. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü də bu birləşmək istəyinin simvolik nişanıdır.
Bəs, bu gün Güney Azərbaycanda nə cür qeyd olunur? Bu suala aydınlıq gətirmək üçün Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin Quzey Azərbaycanda təmsilçisi Nəbi Soytürkə müraciət etdik.
N.Soytürk bildirdi ki, o, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd olunmasına səbəb olan hadisələrin canlı şahidlərindən biridir: "Arazın bu tərəfində - Naxçıvanda həmin hadisə Şahtaxtı kəndində, Arazın o tərəfində isə Poldəşt şəhərində oldu. O zaman Azərbaycan türkləri hər iki tərəfdən Arazın sahilinə gəldilər. Hər iki tərəfdə on minlərlə insan toplaşmışdı. Mən şəxsən iştirakçılardan birisi idim. Həmin yaşayış məntəqəsinin insanları o hadisələri daha yaxından izləyib, daha yaxından şahidi olublar. Mən özüm də həmin hadisələr zamanı Arazın şimalına tərəf keçmişəm. Bugün Güney Azərbaycanda siyasi prosesləri yaxından izləyənlər bu prosesləri daha yaxşı dərk edirlər, uzaqdan izləyənlər isə mətbuat vasitəsilə hər şeyi bilirlər. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı Güney Azərbaycanda nəyə imkan çatırsa, o da edilir. Məsələn, bu il millətçilər tərəfindən bir çox CD disklər yazıldı və onlar müxtəlif şəhərlərdə, xüsusən, Təbriz, Urmiyə, Ərdəbil, Təbriz, Miyanə, Xoy kimi böyük şəhərlərdə yayıldı. Gənclər universitet divarlarına şüarlar yazırlar. Hər il broşuralar hazırlanır, paylanır. Oradakı bəzi azsaylı dərgilərimiz, qəzetlərimiz var ki, fars və türk dillərində bir saylarını Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edirlər. Bu kimi mərasimlərlə Dünya Azərbaycanlılarının Həmrəylik Günü yad olunur".
Müsahibimiz əvvəlki illərlə müqayisədə hazırda Güney Azərbaycanda bu günün qeyd olunmasının vəziyyətinə dair sualımızı da cavablandırıb: "Bu hadisə Güney Azərbaycan Milli Hərəkatının, o məfkurənin bir parçası kimi inkişaf edir. Orada hərəkatın çox böyük həyəcan dövrü var idi. Bilirsiniz ki, qüvvətli aksiyalar olurdu, 2006-cı ildə şəhidlər verildi. Babək qalasına hər il yürüş olurdu, Səttarxan mərasimi adı verilən Səttarxanın məzarı üstündə keçirilən törən, Savalan dağına edilən yürüşlər bu hərəkatın tərkib hissəsi idi. Bu hadisələr zamanı 31 dekabrın adı çəkilməsə də, Quzey Azərbaycanla birlik şuarları səsləndirilirdi. Həmçinin "Traxtur" futbol klubunun oyunları zamanı quzeylə-güneyin birliyi ilə bağlı çağırışlar edilib. Xocalı faciəsi, Qarabağ məsələsi ilə bağlı plakatlar yazılıb, şüarlar deyilib. Amma hər il eyni cür olmur, həm dünya, həm İran dəyişir. O cümlədən milli hərəkatın siyasi tərəfi get-gedə gücləndiyi üçün son vaxtlar Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü özünü məqalələrdə, yazılarda əks etdirir. Yəni, bu məsələdə də həyəcan dövründən yavaş-yavaş yazı-pozuya keçid hiss olunur".
Səxavət HƏMİD