Türkiyəli siyasi ekspert, professor Məsud Haqqı Caşın “Vaqner” qrupunun lideri Yevgeni Priqojinin Rusiyadakı hərbi qiyamı ilə bağlı diqqətçəkən iddia irəli sürüb.
Teleqraf.com xəbər verir ki, ekspert Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) qiyamla bağlı Rusiyanı əvvəlcədən məlumatlandırdığını iddia edir.
Professor rusiyalı həmkarı Vladimir Putini çevriliş cəhdindən Prezident Rəcəb Tayyib Ərdoğanın xilas etdiyini deyib:
“Təşkilat (“Vaqner”) yaradıldıqdan sonra məqsədi Rusiyanın həyati maraqlarını dəstəkləmək idi. Bu məqsədlə Rusiya tərəfindən silahla təmin ediləcəkdi. Bu nöqtədə “güc zəhərlənməsi” önə çıxır. Çünki bura almaz və qızıl ticarəti də daxildir. Dollarla dolu mikroavtobusların fotoları yayılıb. Onlar Rusiya üçün yaxşı işləyirdilər, amma işlər nəzarətdən çıxdı.
Dünya niyə birdən Putinin tərəfinə keçdi? Çünki ABŞ və NATO nüvə silahından qorxurdu.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru niyə bu hadisələrdən bir qədər əvvəl Dədəağaca (Yunanıstan) gəlmişdi? Demək, ortada pul və məlumat mübadiləsi var. Ancaq buna sakit və qərəzsiz baxsaq, bu hadisələr Rusiya tarixində mühüm qırılmadır.
Türkiyə NATO üzvü olsa da, Rusiyanın belə vəziyyətə düşməsinə imkan verməyən qədim bir ölkədir.
Ərdoğanı təbrik edirəm. Demək, MİT bunu bilirdi. Bilməməsi mümkün deyildi. Yəqin ki, Xarici İşlər Nazirliyimiz buna görə səfirini dəyişib. Türkiyə “Vaqner”in bu addımından xəbərdar idi.
Türkiyənin bu addımı ilə Ankara-Moskva münasibətləri tamam başqa səviyyəyə çatdı”.