“Qarabağ məsələsi ilə bağlı Bakıya o qədər də böyük təzyiq yoxdur və olmayacaq”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov deyib.
“Vəziyyət kifayət qədər aydındır, Paşinyan Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb, amma qeyd edib ki, Qarabağın erməni əhalisinin təhlükəsizliyi beynəlxalq təminatlarla təmin olunarsa, buna hazırdır. Bu isə Azərbaycan üçün çox da məqbul deyil. Azərbaycan ərazi bütövlüyünün mütləq bərpası prosesini sürətləndirmək istəyir, bu çərçivədə Qarabağ ermənilərinə xüsusi imtiyazlar verilməməlidir”, - ekspert qeyd edib.
Markedonov bildirib ki, 44 günlük müharibədən sonra Bakı “muxtariyyət statusu”nu da gündəmdən çıxarıb: “Rəsmi Bakının nümayəndələri dəfələrlə xüsusi statusun olmayacağını, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bildiriblər”.
Onun sözlərinə görə, vaxtilə ermənilər öz şərtlərini diktə etməyə çalışırdılar, indi isə başqa vəziyyət yaranıb.
Markedonov öz ərazi bütövlüyünü bərpa etməyə çalışan Azərbaycana beynəlxalq təzyiqin olmadığını söyləyib:
“İndi çoxları müxtəlif səbəblərdən Azərbaycanla maraqlanır. Türkiyə-Azərbaycan tandemi də Qərblə münaqişə kontekstində Moskva üçün önəmlidir, ona görə də Moskva Bakını çox narahat etmək istəmir. Avropa Birliyi üçün Azərbaycanın imkanları və resursları Rusiya ilə pozulmuş enerji müqavilələrini kompensasiya edir. ABŞ üçün isə Azərbaycan İslam dünyasında mühüm müttəfiqdir. Ona görə də Bakıya o qədər də böyük təzyiq yoxdur və olmayacaq. Üstəlik, ATƏT-in Minsk qrupu il yarıma yaxındır ki, fəaliyyət göstərmir. Çünki dünənki həmsədrlər Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsini bu gün rəqabət sahəsi hesab edirlər”.
Rusiyalı politoloq vurğulayıb ki, Ermənistanda Azərbaycana qarşı etiraz potensialı o qədər də böyük deyil. Markedonov Ermənistanın mövcud durumla barışmağa məcbur olacağını istisna etmir və qeyd edir ki, İrəvanın seçim şansı yoxdur.