“Ağdam-Xankəndi yolu bir yük maşını üçün açılarsa, digərlərinin bu yolla daşınmasının qarşısını ala bilməyəcəklər”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Rusiyanın göndərdiyi yük maşını Ağdam-Xankəndi yolu ilə keçəcək. Buna şübhəm yoxdur, sadəcə erməni separatçıları yükün keçidini keçikdirməklə vaxt qazanmağa - Laçın yolu ilə bağlı Qərbin və beynəlxalq təşkilatların Azərbaycana təzyiq imkanlarını müəyyənləşdirməyə çalışırlar. Separatçılar anlayırlar ki, Ağdam-Xankəndi yolu bir yük maşını üçün açılarsa, digərlərinin bu yolla daşınmasının qarşısını ala bilməyəcəklər.
Digər tərəfdən, “yol mövzusu”nda təşəbbüsün Rusiyanın əlinə keçməsi və Ağdam-Xankəndi istiqamətinin reallaşması bu məsələdə Fransanın, ABŞ-dakı ermənipərəst dairələrin və Qırmızı Xaç Komitəsinin arxa plana keçməsini şərtləndirəcək. Separatçılar adları sadalananların dəstəyindən məhrum olacaqlarından narahatdır”, - ekspert bildirib.
Elxan Şahinoğlu Rusiya və Ermənistan arasındakı gərginliyə də diqqət çəkib:
“Ermənistan rəsmiləri rusiyalı həmkarlarını ittiham edirlər ki, “Qarabağı Rusiya Azərbaycana təhvil verib”.
Kremldəkilər isə əksinə, deyirlər ki, “Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdıqda Qarabağı Azərbaycana təhvil vermiş olub”.
İkisi arasında sərt polemika bu ətrafda gedir. Kremlin məntiqindən belə bir sual yaranır ki, Baş nazir Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyan açıqlama verməsəydi, Rusiya Qarabağı “mübahisəli ərazi” kimi qəbul edəcəkdi?”.