23 Sentyabr 2023 14:17
1 164
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirləri ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının toplanmasına ehtiyac yox idi. Bəzi iştirakçılar iddia edirdi ki, Azərbaycan Ermənistana "hücum" edib. Hətta bir günlük lokal tədbir hərəkətlərinin mahiyyətini, hadisələrin harada baş verdiyini bilmədən Azərbaycan haqqında ağıllarına gələni danışırlar.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, bu, Azərbaycanın daxilində gedən lokal antiterror tədbirləri idi:

"Bu da sona çatdı. Fransa və bəzi dövlətlərin təkidi ilə bu müzakirələr aparılır. Mirzoyanın çıxışı zamanı ağılagəlməz dərəcədə yalan iddialar var idi. BMT təşkilatı kimlərin uydurması ilə oturub-durur? Azərbaycan xarici işlər naziri arqumentlərlə tutarlı cavab verdi. Düşünürəm ki, bu məsələ ətrafında daha məlumatlı, beynəlxalq təşkilatların ətrafında müəyyən təbliğat işləri aparmaq üçün dilli-dilavər bir komanda cəlb etməliyik. Ölkəmizə qarşı hər hansı tədbirlər qəbul edilə bilməz. Əks halda sözün həqiqi mənasında beynəlxalq hüququn qəti surətdə tapdanması olar. Bölgədə vəziyyəti stabilləşdirmək üçün müxtəlif tədbirlər irəli sürmək əvəzinə, əksinə vəziyyəti qarşıdurma səviyyəsinə qaldırmaq istəyən BMT təşkilatının hərəkətləri heç bir rol oynamayacaq. Hadisələrin mahiyyətini düzgün öyrənəcəklər. Azərbaycan ərazisində qiyam qaldırmış separatçıları, üstəlik Ermənistan silahlı qüvvələrinin hələ də ərazimizdə qalmış hissələrini torpağımızdan çıxarmaq istəyir. BMT əsasnaməsinin bütün müddəalarına tamamilə uyğun gəlir. Bu məsələni müzakirə obyektinə çevirmək həddindən artıq biabırçılıqdır. Bunu şiddətlə qınayıram".

Jozef Borrelin çıxışına toxunan politoloq qeyd edib ki, o, İspaniyada milli azlığın nümayəndəsidir:

"Onun da yəqin ki, separatçı qanı rol oynayıb. Qərb ölkələrində lobbiçilik fəaliyyəti siyasətçilərə təsir edir. Siyasətçilərə vəd, rüşvət vermək amili böyük rol oynayır. Bu proseslər başlayanda Borrelin həmişə Azərbaycanın əleyhinə danışdığını görürəm. Belə qənaətə gəlmişəm ki, o tamamilə erməni lobbisinin təsiri altındadır və onlardan ciddi şəkildə faydalanır".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər