Azərbaycanın Pakistandakı səfirliyi ölkəmizin Zəfər Gününün üçüncü ildönümü ilə əlaqədar Pakistanda rəsmi qəbul təşkil edib.
Bu barədə Teleqraf.com-a Azərbaycanın Pakistandakı səfirliyindən bildirilib.
Pakistanın informasiya və yayım üzrə federal naziri Murtaza Solanqinin əsas qonaq qismində təşrif buyurduğu qəbulda, bu ölkənin müdafiə istehsalı üzrə federal nazirinin müavini Humayun Əhməd, senatorlar, xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar, dövlət qurumlarının, ictimai, mədəni, işgüzar dairələrinin nümayəndələri, bu ölkənin Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri, KİV təmsilçiləri, eləcə də burada yaşayan azərbaycanlılar iştirak ediblər.
Azərbaycan və Pakistan Dövlət himnlərinin səsləndirilməsindən sonra çıxış edən səfir Xəzər Fərhadov hər il ölkəmizdə 8 Noyabr tarixinin Zəfər Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb və müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin hörmətlə yad edildiyini söyləyib.
Səfir, Ermənistanın 30 ilə yaxın Azərbaycanın 20 faiz ərazisini işğal altında saxladığını, işğal altında tutduğu ərazilərdə hərbi cinayətlər törətdiyini və azərbaycanlılara qarşı etnik təmizləmə apardığını vurğulayıb.
1993-cü ildə BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etdiyini qeyd edən səfir, Ermənistanın sözügedən qətnamələrə məhəl qoymadığını bildirib və bu ölkənin beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etmədiyini nəzərə çatdırıb. Ölkəmizin keçmiş Qarabağ münaqişəsini danışıqlar yolu ilə həll etməyə səy göstərdiyini, lakin Ermənistanın status-kvonu saxlamağa çalışdığını və hətta işğal dövründə mütəmadi olaraq hərbi təxribatlar törətdiyini vurğulayıb. X.Fərhadov, Ermənistanın işğal zamanı Azərbaycanın şəhər və kəndlərini yerlə-yeksan etdiyini, mədəniyyət və dini abidələri dağıtdığını, müqəddəs abidələrimizi təhqir edərək məscidlərdə heyvan saxladığını diqqətə çatdırıb.
44 günlük Vətən müharibəsindən söz açan səfir, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun 2020-ci ildə tarixi torpaqlarımızı erməni işğalından azad etdiyini və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu vurğulayıb.
X.Fərhadov cari ilin 19 sentyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ iqtisadi rayonunda erməni silahlı qüvvələri tərəfindən davam edən təxribatların qarşısının alınması, habelə Üçtərəfli bəyanatın müddəalarının icrasının təmin olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhali, o cümlədən ərazidə aparılan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri həyata keçirdiyini diqqətə çatdırıb, eləcə də görülən tədbirlərin hədəfinin qanunsuz hərbi birləşmələr və hərbi infrastrukturlar olduğunu qeyd edib.
Səfir işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Hökuməti tərəfindən aparılan geniş miqyaslı bərpa və quruculuq işlərindən söhbət açaraq Füzuli, Zəngilan, Laçın Beynəlxalq Aeroportları, eləcə də “Böyük Qayıdış” proqramı barədə geniş məlumatları qonaqların diqqətinə çatdırıb. Azərbaycanın etnik erməni sakinlərinin ölkəmizə reinteqrasiyası istiqamətində Azərbaycanın atdığı addımlardan, habelə tarixi torpaqlarından qovulmuş azərbaycanlıların öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasının vacibliyindən bəhs edib.
Çıxışı zamanı Azərbaycan və Pakistan münasibətlərinə toxunan X.Fərhadov bu ölkənin həm keçmiş Qarabağ münaqişəsi, həm də Vətən müharibəsi dövründə Azərbaycana siyasi və mənəvi dəstək göstərdiyini vurğulayıb və bu dəstəyə görə Pakistana təşəkkürünü ifadə edib.
Qəbulda əsas qonaq qismində iştirak edən Pakistanın informasiya və yayım üzrə federal naziri Murtaza Solanqi çıxışı zamanı əvvəlcə Pakistanın Baş naziri Ənvər-ül Haq Kakarın adından Azərbaycan hökuməti və xalqını Zəfər Günü münasibətilə təbrik edib və Azərbaycanın öz tarixi torpaqlarını erməni işğalından azad etməsinin Pakistan xalqı arasında böyük sevinclə qarşılandığını dilə gətirib. Ölkəmiz tərəfindən işğaldan azad edilmiş ərazilərində aparılan quruculuq işlərindən danışan nazir, Azərbaycanın gördüyü böyük işləri yüksək qiymətləndirib.
Azərbaycan və Pakistanın iki qardaş ölkə olduğunu qeyd edən nazir ölkələrimiz arasında bütün sahələr üzrə əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyini əminliklə ifadə edib.
Sonda Zəfər Gününün üçüncü ildönümü münasibətilə hazırlanmış rəmzi tort kəsilib və xatirə şəkilləri çəkilib.
Tədbirdə həmçinin tarixi qələbəmizi, işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərini, eləcə də Pakistanın Azərbaycanla həmrəyliyini əks etdirən çoxsaylı videoçarxlar nümayiş etdirilib.