İsrail ordusunun Azərbaycan əsilli döyüşçüsü Lior Əzizov HƏMAS-a qarşı hərbi əməliyyatlar zamanı həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyi məlumat yayıb.
“İsrailin Azərbaycandakı səfirliyi olaraq, oktyabrın 7-də HƏMAS-a qarşı hərbi əməliyyatlar zamanı Azərbaycan əsilli 20 yaşlı serjant Lior Əzizovun həlak olmasından dərin kədər hissi keçiririk. Lior “Qolani” briqadasının döyüşçüsü idi.
Liorun atası Timur 2005-ci ildə İsraildə terror aktının qurbanı olub, 5 il sonra aldığı fiziki və psixi xəsarətlərdən vəfat edib. Babası Vahid Əzizov 1992-ci ildə Birinci Qarabağ Müharibəsi zamanı qəhrəmancasına həlak olub, Şəhidlər Xiyabanında dəfn edilib. Bir ailənin üç nəsil boyunca ağrı və itkilərinə sonsuz hüznlə yas tuturuq.
Liorun anası Natali onu belə xatırlayır: “O, həkim və rəssam olmaq istəyən ağıllı, həssas uşaq idi. Onunla ilk söhbətimiz şənbə günü, müharibənin ilk günündə oldu. Dedi ki, burda atışma gedir, amma yaxşıyam, narahat olma, ana, yenə zəng edəcəm, söz verirəm, səni sevirəm. Bu ondan gələn son zəng oldu.
Lior və Əzizovlar ailəsinin həyatdan köçmüş digər üzvlərinin ruhları şad olsun”, - məlumatda deyilir.