Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün inşa edilən mehmanxana tipli yataqxana gələn tədris ilində tələbələrin istifadəsinə veriləcək.
Axar.az Kəpəz TV-yə istinadən xəbər verir ki, ən müasir standartlara uyğun olan binada xaricdən gələn tələbələrin yaşaması da təmin olunacaq.
Ümumi ərazisi 2 hektar olan mehmanxana tipli tələbə yataqxanasının yaşayış sahəsi 16 min kvadrat metrdir. 5 korpusdan ibarət olan bina 7 mərtəbəlidir. 527 tələbə üçün nəzərdə tutulan yataqxana kompleksində ümumlikdə 230 otaq olacaq. Binanın istifadəyə verilməsi tələbələrin sosial problemini həll etməklə yanaşı, təhsil ocağına abituriyentlərin marağını daha da artıracaq.
ADAU-nun prorektoru Anar Hətəmovun sözlərinə görə, yataqxananın istifadəyə verilməsi xaricdən də tələbələrin cəlb edilməsinə imkan verəcək:
"Universitetimiz beynəlxalq layihələrdə iştirak edir. Müxtəlif mübadilə proqramları vasitəsilə tələbələri xarici ölkələrə göndərir. Həmin beynəlxalq əməkdaşlıq tələblərindən biri də partnyor universitetlərin tələbələrinin cəlb olunmasıdır. Müasir standartlara cavab verən yataqxananın istifadəyə verilməsi xaricdən də tələbələrin cəlb edilməsinə imkan verəcək".
Hazırda ali təhsil ocağında 4024 nəfər əyani təhsil alan tələbə var. Onların 73%-i respublikanın müxtəlif bölgələrindən olan tələbələrdir ki, bunların da 2 minə yaxını kirayələrdə yaşayır.
Hazırda inşaası sürətlə davam etdirilən yataqxanada işlərə 2013-cü ildə start verilib və tikilinin bir neçə aya təhvil verilməsi nəzərdə tutulur.