13 Dekabr 2023 17:32
8 667
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyası çərçivəsində təmin edilməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu Avropa Şurasının prezidenti Şarl Mişel ABŞ-nin “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Avropa Birliyi bu məsələ ilə bağlı Bakı ilə danışıqları davam etdirir:

“Hesab edirik ki, etnik ermənilərin geri qayıtmaq və ya heç olmasa Azərbaycanın həmin hissəsinə səfər etmək hüququ olmalıdır və onların təhlükəsizliyi və hüquqları təmin edilməlidir. Azlıqların müdafiəsi ilə bağlı beynəlxalq standartlar var ki, Azərbaycan Konstitusiyasına uyğun olaraq onlara riayət edilməli, onların çərçivəsində azlıqların hüquqları təmin olunmalıdır”.

Bu məsələnin sülh müqaviləsində olub-olmayacağı ilə bağlı suala Mişel bildirib ki, bu mövzuya dərindən girmək istəmir, eyni zamanda Azərbaycan hakimiyyətinin bu məsələdə qarant olmasına ehtiyac duyulduğunu vurğulayıb.

Avropa Şurasının rəhbəri onu da söyləyib ki, danışıqların əsasını ilk növbədə Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi təşkil edir:

“Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsini təşkil etmək üçün sülh müqaviləsi lazımdır. Bu sülh sazişi demarkasiya prosesinə əsaslanmalıdır, bu sülh sazişi həm də regionda kommunikasiyanı yaxşılaşdırmaq üçün bir vasitə kimi istifadə edə biləcəyimiz yaxşı bir çərçivə ola bilər ki, bu da regiondakı digər ölkələr üçün yaxşıdır, məsələn, Gürcüstanın iqtisadi inkişafı üçün”.

“Sülh müqaviləsinin xüsusi təminatçısı olacaqmı” sualına Mişel birbaşa cavab verməyib:

“Avropa İttifaqı da daxil olmaqla faktiki beynəlxalq ictimaiyyət dünyanın bu hissəsində baş verənləri izləyir”.

Bəs bu, tərəflər arasında birbaşa dialoq nəticəsində, yoxsa Avropa İttifaqı və ABŞ-nin vasitəçiliyi altında ola bilər?

Avropa Şurası prezidentinin cavabı belə olub:

“Bir neçə gün əvvəl Ermənistan və Azərbaycanın birgə bəyanatının mümkün olması faktı qismən bizim köməyimiz sayəsindədir. Biz onları həvəsləndiririk, həmçinin Brüsseldə görüş təşkil etmək üzərində işləyirik. Amma bizim fikrimizcə, vacib olan görüş yerindən daha çox nəticədir, çünki Ermənistanda, Azərbaycanda yaşayan insanlar üçün və bizim üçün sülh, təhlükəsizlik və firavanlıq hər şeydən üstündür”.

Mişel onu da vurğulayıb ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında yolların açılması ilə bağlı müzakirələr gedir. O, nikbin olduğunu, liderlərin Brüsseldə yeni görüşünü təşkil etməyə çalışdıqlarını da açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər