20 Dekabr 2023 18:15
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda prezident seçkilərinə hazırlıq günü-gündən intensivləşir. Hakim partiya ilə yanaşı, eyni zamanda cəmiyyətin digər siyasi qüvvələri, özünü sınamaq istəyən bitərəflər də artıq namizədliklərini irəli sürüblər. Seçkilərin rəqabətli, demokratik, fərqli fikirlərin toqquşduğu bir formada keçəcəyi açıq, şəffaf şəkildə hər bir kəsin fikrini bildirəcəyi indidən təxmin edilir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Azərbaycan cəmiyyəti bu seçkilərlə özünün yenidən dövlətçilik və demokratiya imtahanını vermiş olacaq:

“Hər kəs də inanır ki, Azərbaycan seçkini də çox uğurla başa vuracaq. Ancaq diqqətçəkən ondan ibarətdir ki, həmişə iqtidara qarşı olan radikal müxalifət seçkiyə qatılmaqdan imtina etdi. Daha doğrusu, seçkidən qaçdı. Bu onu göstərir ki, onların gücü ancaq sosial şəbəkədə bəyənmə yığmaq, populist fikirlər bildirmək, cəmiyyətin qarşısında duran problemlərin həlli ilə yox, əksinə, özlərini məşhurlandırmaq maraqlandırır. İrəli sürdükləri arqumentlər kifayət qədər zəifdir. Seçkidə iştirak etməklə, əksinə, onlar demokratiyanı daha da möhkəmləndirə, fərqli fikirlərini cəmiyyətin diqqətinə çatdıra, eyni zamanda alternativ proqramını ortaya qoya bilərdilər. Söhbət də bundadır ki, onların alternativ proqramı yoxdur. Heç zaman da olmayıb. Eyni zamanda elə bir böyük elektorata da malik deyillər. Onlar seçkidə ciddi məğlubiyyətə uğrayacağını, biabır olacaqlarını, gözlərinin altına alırlar. Bu biabırçılıqdan qaçmaq üçün seçkidən imtina edirlər. Eyni zamanda, onlar seçkidən imtina etməklə xarici anti-Azərbaycan mərkəzlərinin Azərbaycanla bağlı sanki tapşırıqlarını yerinə yetirmiş olurlar. Birinci dəfə deyil ki, radikal müxalifətin çağırışları, fəaliyyəti həmin o xaricdəki mərkəzlərin tezisləri ilə üst-üstə düşür. Həmin mərkəzlər, o cümlədən radikal müxalifət yaxşı bilirlər ki, Azərbaycan cəmiyyəti müstəqil daxili xarici siyasətin, ərazi bütövlüyümüzün tərəfdarıdır”.

Deputat hesab edir ki, Azərbaycan vətəndaşı problemlərinin tədricən həll olunduğunun fərqindədir:

“Azərbaycan vətəndaşı Prezident cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində ərazi bütövlüyümüzün bərpa edildiyini görür və ona yüksək qiymət verir. Prezident bu gün seçkilərə digər namizədlərlə birlikdə gedir. Onun tərəfdarları cənab Prezidentin fəaliyyətinin siyasi məzmununu, bir daha cəmiyyətə, qanunun imkan verdiyi çərçivələrdə çatdıracaqlar. Hakim partiyanın namizədi digər namizədlərlə birlikdə seçkiyə qatılır. Radikal müxalifətin bu addımı bir daha göstərir ki, Azərbaycan cəmiyyəti mürəkkəb, çətin, hətta dövlətçiliyimizin itirilmək təhlükəsi olan 1990-cı illərə qayıtmaq istəmir”.

Aydın Mirzəzadəyə görə, Azərbaycan cəmiyyəti xaricdən müəyyən qrupların tapşırığı əsasında fəaliyyət göstərən radikal müxalifətin arxasınca getmək istəmir:

“Onları dəstəkləmir. Əli Kərimli, Arif Hacılıya isə ancaq sosial şəbəkələrdə bəyənmələr və yaxud da ki, hansısa artıq həll olunmuş bir məsələni qara fonda təsvir etmək qalır. Vaxtilə “bu iqtidar bir kəndi belə azad etmir” deyənlər bu gün bütün işğal altında olan bütün ərazimizin işğaldan azad edildiyini görmək istəmir. Vaxtilə “nə səbəbdən 2020-ci il 10 noyabr üçtərəfli bəyannaməsi imzalandı” deyə iqtidarı ittiham edənlər bu gün birgünlük antiterror əməliyyatı ilə separatçı rejimə son qoyulduğunu görmək istəmirlər. Onlara sərf edərdi ki, Azərbaycan torpaqlarının müəyyən bir hissəsi işğalda qalardı və Azərbaycan hansısa güc mərkəzinin təsiri altında olardı. Ancaq bunlar heç bir zaman baş verməyəcək. Azərbaycan müstəqilliyini, ona görə qrup ki, daxili və xarici siyasəti müstəqil olsun. Vətəndaşın hüquqlarının qorunması həmişə dövlətin əsas məqsədi olsun. Azərbaycan beynəlxalq birlikdə öz nüfuzunu daima yüksəlsin. Bu belə olub və seçkidən sonra da belə olacaq”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər