İran bütün ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşaraq Qafqaz regionunda kommunikasiya kanallarının və infrastrukturlarının açılması üçün istənilən addımı və platformanı dəstəkləyir və bunu sülhün möhkəmləndirilməsi və qonşularının maraqlarının təmin edilməsi istiqamətində atılmış təsirli addım kimi qiymətləndirir.
Teleqraf.com xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığında bildirib.
Rəisi Ermənistanın iki ölkə, eləcə də regional dövlətlər arasında avtomobil və dəmir yolu əlaqələrini inkişaf etdirmək planına ("Sülh qovşağı") cavab olaraq deyib ki, bu, "sülhün möhkəmləndirilməsi və onların maraqlarının təmin edilməsi istiqamətində effektiv addım"dır.
İran prezidenti Cənubi Qafqazın sülhə ehtiyacı olan mühüm region olduğunu söyləyib: “İran İslam Respublikasının Qafqazla bağlı xarici siyasəti bəllidir: bölgə regiondankənar dövlətlər üçün rəqabət meydanına çevrilməsin və məsələlərin həlli kənar tərəflərin müdaxiləsi olmadan region ölkələri tərəfindən həyata keçirilsin”.
Rəisi Tehranda 3+3 formatının görüşünün uğurla keçirilməsini regional münasibətlərin və əməkdaşlığın möhkəmləndirilməsi, region ölkələrinin bir-birləri ilə münasibətlərinin tənzimlənməsi istiqamətində konstruktiv addım olduğunu vurğulayıb:
“Region ölkələrinin qarşılıqlı maraqlarının təmin edilməsi İran İslam Respublikasının əsas siyasətidir”.