21 Dekabr 2023 21:18
4 394
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Azərbaycana qarşı informasiya müharibəsini davam etdirir.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, yenə də SEPAH-a bağlı sosial şəbəkə kanallarında və media qurumlarında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və dövlət quruluşunu hədəfə alan silsilə materiallar dərc olunur:

“Azərbaycanla münasibətləri gərginləşdirmək üçün hər cür addımı atan Tehran sonradan “israr”la əlaqələri normallaşdırmağa çalışdı. Azərbaycan buna mənfi təpki göstərmədi, çünki normal qonşuluq əsas prinsiplərimizdəndir. İrandan fərqli olaraq...

Hətta iki ölkə arasında dəhlizlə bağlı anlaşma əldə olundu. Dövlətlərarası müqavilələr imzalandı, danışıqlar aparıldı, Tehrandan Bakıya zənglər edildi – Abdullahiyan telefondan asılı qalmışdı. Amma Tehran yenə anti-Azərbaycan siyasətinə qayıdıb. Daha doğrusu, altdan davam etdirdiyi bu siyasətini açıq müstəviyə keçirib. İran prezidentinin Ermənistan baş naziri ilə telefon danışığında verdiyi mesajlar, İran Xarici İşlər Nazirliyinə bağlı saytda (“Iran Diplomacy”) Azərbaycan əleyhinə dərc olunan təxribat dolu məqalə bu qəbildəndir.

İran Xarici İşlər Nazirliyi və SEPAH açıq formada Azərbaycanı hədəfə alan bütün fəaliyyətlərə dəstək verir. Xüsusilə Tehrandakı rejim Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması yönündə atılan effektli addımları narahatlıqla izləyir, bunu özü üçün təhdid kimi qəbul edir. İranın indiki təxribatçı fəallığı da bununla əlaqəlidir: Tehran sülh müqaviləsinin tezliklə imzalanacağından qorxur. Bu səbəbdən də Ermənistanı təhrik etməklə prosesi pozmağa çalışır. Rəisi elə buna görə Paşinyana zəng etmişdi.

İrandan Azərbaycana qarşı təxribat bitməyəcək. Mollalara görə, bununla Azərbaycanı təzyiq altında saxlaya, eyni zamanda Güney Azərbaycan məsələsinin gündəliyə daşınmasının qarşısını ala bilirlər. Yəqin ki, bununla yerlə bir olmuş nüfuzlarını və simalarını qurtara bilməyəcəklərini də bilirlər. İran həmişə bizə qarşı ikiüzlü idi: artıq hər iki üzünü görürük, heç özü də gizlətmir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər