Çin Ermənistan hökumətinin təqdim etdiyi “Sülh qovşağı” layihəsini diqqətdə saxlayır, regionda sülh və inkişafa töhfə verəcək istənilən təşəbbüsü dəstəkləməyə hazırdır.
Teleqraf.com xəbər verir ki, bu barədə Çinin Ermənistandakı səfirliyindən yerli mətbuata bildirilib.
“Ermənistanın təklif etdiyi “Sülh qovşağı” layihəsini diqqətdə saxlayır, regionda sülh və inkişafa töhfə verəcək istənilən təşəbbüsü dəstəkləməyə hazırıq. Qarşılıqlı əlaqənin möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi və ümumi inkişafa nail olmaqda ölkələri dəstəkləməyə hazırıq”, - səfirlik vurğulayıb.
Ermənistan hökumətinin təqdimatına görə, sözügedən proje Fars və Oman körfəzləri, Qara, Xəzər və Aralıq dənizləri, eləcə də Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərini regional vahid nəqliyyat xətləri şəbəkəsində birləşdirəcək. İrəvan bu çərçivədə Azərbaycan, Türkiyə, Ermənistan və İran arasında avtomobil və dəmir yolları, boru kəmərləri, kabel və elektrik xətləri vasitəsilə kommunikasiyaları inkişaf etdirmək istədiyini bildirir.
Söhbət həm də Zəngəzurdan keçəcək nəqliyyat dəhlizindən gedir. Zəngəzur yolları Çinin Orta dəhliz və ya “Bir Kəmər, Bir Yol” layihəsinə daxildir.