Ermənistanın şərti sərhəddə Azərbaycana qarşı təxribatı bir neçə aydır davam edən nisbi sakitlikliyə son qoydu. İndiyə qədərki sükutu “fırtına öncəsi sakitlik” kimi də xarakterizə etmək olardı.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, diplomatik masadakı anlaşılmazlıqdan istifadə edən kənar qüvvələr Ermənistanı təxribata çəkirlər:
“Bir neçə gün əvvəl Avropa Birliyinin rəhbəri Şarl Mişel Prezident İlham Əliyevə təbrik zəngində onu Brüsseldə Ermənistan Baş naziri Nikol Paşinyanla görüşə dəvət etdi. Azərbaycan lideri bundan imtina etmədi. Paralel olaraq, iki ölkə arasında sərhəd komissiyalarının iclasları üçüncü tərəf olmadan davam edir. Rusiya bu dinamikadan narahatdır. Rusiya rəsmiləri ara sakitləşən kimi Qarabağ məsələsini yenidən gündəmdə saxlamağa, ermənilərin qayıdış məsələsini gündəmə daşımağa başladılar. Moskva bununla sülh müqaviləsində maraqlı olmadığını göstərir.
Şərti sərhəddə Azərbaycanın mövqelərini atəşə tutan adı Rusiyanın xüsusi xidmət orqanları ilə hallanan “Yerkrapa” terror təşkilatıdır. Bu təşkilat Birinci və İkinci Qarabağ müharibələrində Azərbaycana qarşı döyüşüb. “Yerkrapa”nı həm də Rusiyaya bağlı “Qarabağ klanı” dəstəkləyir. Təşkilatın silahlanması və təlimləri Rusiya tərəfindən təmin edilib. Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası “Yerkrapa”nın əsas dəstəkçisidir”.
Məhəmməd Əsədullazadənin fikrincə, şərti sərhəddə təxribata əl atan “Yerkrapa” aldığı təlimat üzərindən sülh prosesini sabotaj etməyə çalışır:
“Baş nazir Nikol Paşinyan “Yerkrapa”nı sərhəddən geri çəkməsə, təxribatlar davamlı olacaq. Bu da Ermənistan rəhbərliyinin sülhdə maraqlı olmadığını sübut edəcək. Əgər bu terror təşkilatından Ermənistan rəhbərliyinin özü istifadə edirsə, onda məsələ başqa müstəviyə daşına bilər. Belə deyilsə, İrəvan sərhəddə sakitliyi təmin etmək üçün lazımi tədbirləri görməlidir”.