Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov İsrailin Akko şəhərinin meri Şimon Lankrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, qonaqları Milli Məclisin rəhbərliyi adından salamlayan Ziyafət Əsgərov səfərin əhəmiyyətini yüksək dəyərləndirib, Azərbaycan-İsrail münasibətlərinin inkişaf tarixindən bəhs edib, xalqlar arasında dostluq əlaqələrinin dərinləşməsində dövlət başçılarının rolunu xüsusi qeyd edib. Bildirib ki, Azərbaycan-İsrail münasibətləri yüksələn xətlə inkişaf edir. Milli Məclisdəki Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu səmərəli fəaliyyət göstərir.
I vitse-spiker ölkəmizdə yaşayan yəhudilərin Azərbaycan xalqının ayrılmaz hissəsi olduğunu vurğulayıb. Ümumiyyətlə ölkəmizdə antisemitizmin olmadığını, müxtəlif xalqların nümayəndələrinin burada tolerantlıq şəraitində yaşadığını bildirdi. İsrailin Akko şəhərində Azərbaycanın Dağlıq Qarabağ problemilə, eləcə də “Xocalıya ədalət!” kampaniyası ilə əlaqədar keçirilən tədbirlərdən xəbərdar olduğuni xatırladıb.
Akko şəhərinin meri Şimon Lankri məlumat verdi ki, 25 ildir Azərbaycan kökənli insanlarla işləyir: “Burada o qədər yaxşı şəraitdə yaşayıblar ki, həmin şəxslərin qəlbi Azərbaycanda qalıb və onlar bu ölkə üçün çox darıxırlar”.
Səfər zamanı Bakıda keçirdiyi görüşlər barədə təəssüratlarını bölüşən mer qeyd etdi ki, Azərbaycan onun üçün böyük sürpriz oldu. Bakı olduqca gözəl şəhərdir. Yəhudilər burada yaxşı yaşayırlar.
12 ildir ki, Akkonun meri olduğunu deyən qonaq Azərbaycanla bağlı keçirdikləri tədbirlərdən danışdı, Heydər Əliyev adına Mədəniyyət evi inşa etdiklərini bildirdi.
Sonra görüşdə Milli Məclisin deputatı, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yevda Abramov vətəni Azərbaycanda yəhudilərə yaradılan şəraitdən bəhs edib. Söhbət zamanı Dağlıq Qarabağ probleminə toxunuldu, qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparıldı.
Nemət