Bakı Beynəlxalq Avtovağzalının giriş hissəsi bir müddətə bağlana bilər.
Axar.az xəbər verir ki, yaxın günlərdə metronun “Avtovağzal” stansiyasının açılışı ilə əlaqədar ətraf ərazilərdə aparılan abadlıq-quruculuq işləri genişlənib.
Əməkdaşımızın verdiyi məlumata görə, beynəlxalq avtovağzalın ətrafında artıq müasir işıq dirəkləri quraşdırılıb. Lakin avtovağzalın giriş hissəsində asfalt örtüyünün dağılması gediş-gəlişə mane olur. Məhz bu səbəbdən yaxın günlərdə sözügedən ərazidə asfalt örtüyünün yenilənməsinə başlanılacaq.
Bildirək ki, Bakı Beynəlxalq Avtovağzalının müəyyən müddətə bağlanması ərazidə hərəkətin iflic olmasına gətirib çıxara bilər. Bundan başqa avtobusların müvəqqəti olaraq hansı əraziyə köçürüləcəyi də hələlik sual altındadır.