İrandan gələn təhdidlərə qarşı Azərbaycanda təhlükəsizlik tədbirlərini gücləndirməyə ehtiyac var.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert molla rejiminin təmsilçilərinin Azərbaycana qarşı təxribatçı fikirlərinə diqqət çəkib:
“Yaxın Şərqdə aləm bir-birinə dəyib, lokal toqquşmaların sayı artıb. İsrailin İranın Suriyadakı konsolluğunu vurması nəticəsində 11 nəfərin həlak olması gərginliyi daha da artıracaq. Ölənlərdən 7-si SEPAH-ın hərbi müşaviridir. İsrail əvvəllər də SEPAH-ın Suriyadakı mövqelərinə zərbələr endirib, amma bu dəfə konsulluq hədəf seçildi.
Tehran cavab aksiyası planlaşdırır, İsrailə birbaşa əli çatmadığına görə bölgədəki təsiri altındakı silahlı qruplar vasitəsilə zərbələr həyata keçirməyə çalışacaq.
Bu arada, iranlı deputatlardan biri Cəlal Rəşidi Kuç İsraildən intiqam alınması vacibliyindən danışarkən absurd və təxribatçı təklif irəli sürüb:
“İsrailin Azərbaycandakı səfirliyinə hücum etmək lazımdır. Mənim təklifim odur ki, sionistlərin region ölkələrinin diplomatik mərkəzlərindən biri, daha yaxşısı Azərbaycandakı diplomatik nümayəndəliyi açıq və birbaşa hədəfə alınsın”.
Deputatın bu cümləsindəki “daha yaxşısı” söz birləşməsi atmacadır, yəni yenə də İsraillə Azərbaycan arasındakı tərəfdaşlığa işarə edirlər. Azərbaycanın İrandakı səfirliyyinə terror hücumu azmış kimi, indi də İsrailin Azərbaycandakı səfirliyinə terror həyata keçirməyə çağırış edirlər. Buna ciddi yanaşmaq lazımdır. Bu cür təxribatçı çağırışlara İranı idarə edənlər sakit yanaşırlarsa, demək, elə özləri də həmin deputat kimi düşünürlər. Bütün hallarda Azərbaycanda təhlükəsizlik tədbirlərini gücləndirməyə ehtiyac var”.
Elxan Şahinoğlu hesab edir ki, ABŞ-nin İran üzrə nümayəndəsi Abram Paleyin Azərbaycana səfəri və Bakıda keçirdiyi görüşlər Yaxın Şərqdə baş verən hadisələr və Tehranın Cənubi Qafqazdakı rolu ilə bağlıdır:
“Amerikalı diplomat prezidentin köməkçisi Hikmət Hacıyevdən sonra Azərbaycanın İrandakı səfiri Əli Əlizadə ilə də görüşübsə, əsas mövzunun məhz İranın siyasəti olduğu bəllidir.
Vaşinqton Tehranın bölgədəki planlarından narahatdır. ABŞ elçisinin İsrailin Azərbaycandakı səfiri Corc Diklə görüşməsi və İran rejiminin regionda sabitliyi pozan davranışları barədə müzakirələr aparması isə İsrail-İran qarşıdurması ilə bağlıdır. Vaşinqton hesab edir ki, Tehran İsrailin İranın Suriyadakı konsulluğuna raket hücumunun intiqamını almaq üçün Cənubi Qafqazdakı “imkanlarından” da istifadə edə bilər.
Təsadüfi deyil ki, artıq iranlı deputatlardan biri İsrailin Azərbaycandakı səfirliyinə hücum təşkil etməyə çağırıb. Bu çağırış Azərbaycanla yanaşı, ABŞ və İsraili də ciddi narahat edib. Bir ölkə ki, qonşu ölkənin deputatına (Fazil Mustafa – red.) qarşı sui-qəsd təşkil edir, kəşfiyyat şəbəkəsi vasitəsilə icra hakimiyyətinin başçısını öldürmək istəyir, həmin ölkədən başqa təhlükəli addımlar da gözləmək mümkündür. Ona görə mümkün təhlükəyə qarşı mübarizədə xəbərləşmə vacibdir. Bununla yanaşı, Vaşinqton İran-Ermənistan münasibətlərindən narahat olmalıdır. Çünki məhz Ermənistan İranla eyni mövqedən çıxış edir”.