ABŞ və Avropa Birliyinin (AB) Ermənistana təhlükəsizlik vədləri Azərbaycanla sülh prosesinə mane ola bilər.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
“Aprelin 5-də Brüsseldə ABŞ-Ermənistan-Avropa Birliyi toplantısı keçiriləcək. Baş naziri Nikol Paşinyanın iştirak edəcəyi görüş Ermənistana siyasi-hərbi və maliyyə dəstəyinin verilməsi ilə əlaqəlidir.
Hesab edirəm ki, yeni formalaşan və Brüsseldə rəsmiləşəcək formatın əsas hədəfi Ermənistanı Rusiyanın orbitindən çıxarmaqdır. İrəvan buna Rusiya sərhədçilərini “Zvartnots”dan çıxarmaq və KTMT-dəki fəaliyyətini sıfıra endirməklə başlayıb. Üçtərəfli format isə Rusiya ilə tamamilə üzülüşmək üçün son həmlələri icra edəcək.
Ermənistana veriləcək hərbi-siyasi dəstək Azərbaycanla sülhə də mane ola bilər. Çünki yekun sülh müqaviləsi imzalanmayıb. ABŞ və Avropa Birliyindən Ermənistana veriləcək təminat və ya vədlər onu yeni təxribatlara sövq edə və sülhdən yayındıra bilər. Düzdür, Brüssel və Vaşinqton bunun Azərbaycana qarşı olmadığını bəyan edib, amma bütün hallarda baş verənlər əlavə gərginlik yaratmaq elementləri daşıyır”, - ekspert bildirib.
Əsədullazadə qeyd edib ki, ABŞ və AB birmənalı şəkildə və rəsmən Rusiyanı Ermənistandan çıxarmaq üçün hərəkətə keçib:
“İrəvan Brüssel görüşündən sonra anti-Rusiya siyasətini şaxələndirəcək, ən müxtəlif sahələrdə əlaqələri bitirməyə çalışacaq. Eyni zamanda, bu format Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına dəstək vermədiyi üçün heç bir müsbət perspektivi olmayacaq. Regionda hərbi-siyasi vəziyyətin gərginləşməsinə xidmət edəcək.
Vaşinqton və Brüsseldə yaxşı anlayırlar ki, Ermənistanın Qərblə əməkdaşlığı Azərbaycan və Türkiyə ilə normallaşma prosesindən keçir. Amma bunu bildikləri halda prosesi əks istiqamətdə çəkməyə davam edirlər. Aprelin 5-dən sonra vədlərə arxalanan Ermənistan 4 kəndi Azərbaycana geri verməsə və delimitasiyadan yayınsa, vəziyyət daha da gərginləşəcək. Ermənistanın hərbi təxribatları ilə müşayiət olunacaq proses Ermənistana yaxşı heç nə gətirməyəcək. ABŞ və Avropa Birliyinin təhlükəsizlik vədləri Ermənistan üçün müdafiə qalxanı olmayacaq. Ukraynada işə yaramayan qalxan Ermənistanı da qorumayacaq”.